Qazaxıstan və Türkiyə prezidentləri Kasım-Jomart Tokayev və Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasını keçiriblər.
"Report"un Qazaxıstan bürosunun Akordaya istinadən verdiyi məlumata görə, danışıqlar zamanı tərəflər kənd təsərrüfatı, nəqliyyat, energetika və rəqəmsallaşma sahəsində əməkdaşlığı müzakirə ediblər.
Aqrar sahədə əməkdaşlığa xüsusi diqqət yetirilib. 2025-ci ildə Qazaxıstan və Türkiyə arasında kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsi 25 %-dən çox artaraq təxminən 360 milyon ABŞ dollarına çatıb.
Qazaxıstanda Türkiyə şirkətlərinin iştirakı ilə bir sıra investisiya layihələri həyata keçirilir. Bu şirkətlər arasında qlüten istehsalı üzrə "Tiryaki Agro" və istixana kompleksinin tikintisi üzrə "Alarko Holding" də yer alır.
Qazaxıstan həmçinin Türkiyə tərəfinə 2026–2028-ci illər üçün kənd təsərrüfatı məhsullarının qarşılıqlı ticarətinin intensivləşdirilməsinə dair Yol Xəritəsinin qəbul edilməsini təklif edib.
Tokayev qeyd edib ki, mövcud geosiyasi şəraitdə nəqliyyat-logistika sahəsinin strateji əhəmiyyəti artır. Qazaxıstan Prezidenti Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna (Orta Dəhliz) artan marağa diqqət çəkib və Türkiyə şirkətlərini Kurık və Aktau limanları vasitəsilə yükdaşımaların həcminin artırılması layihələrində daha fəal iştirak etməyə çağırıb.
Bundan başqa, tərəflər aviasiya, energetika, mədən sənayesi, rəqəmsallaşma, süni intellekt və müdafiə sənayesi sahələrində əməkdaşlığı müzakirə ediblər.