Qlobal Cənub ölkələrinin BMT-dəki təsiri son illərdə əhəmiyyətli dərəcədə güclənib.
"Report"un məlumatına görə, bunu BMT-nin Sülh Universitetinin (UPEACE) təşkilatın Vyana və Cenevrədəki ofisləri yanında səfiri və daimi müşahidəçisi David Fernandez Puyana Bakıda Qlobal Cənub QHT Platformasının Baş Assambleyasında bildirib.
Onun sözlərinə görə, BMT-nin Ticarət və İnkişaf Konfransı və Birləşmiş Millətlər Təşkilatının Sənaye İnkişafı Təşkilatı kimi qurumlar Qlobal Cənub ölkələrinin təsiri ilə yaradılıb.
"Qlobal Cənubun vətəndaş cəmiyyətinin nümayəndələri qlobal dəyişikliklərin baş verdiyi indiki dövrdə xüsusi məsuliyyət daşıyırlar. Biz hamımız vahid bəşəriyyətin bir hissəsiyik, sülh və sabitlik kimi ortaq arzunu bölüşürük. Qlobal çağırışlar qlobal həllər tələb edir - bu isə azadlıq, inkişaf və həmrəylik uğrunda çıxış edən güclü və həmrəy Qlobal Cənub olmadan mümkün deyil. Əgər sülh istəyiriksə - onun naminə çalışmalıyıq", - o bildirib.
Puyana həmçinin qeyd edib ki, Azərbaycanda keçirilən tədbir xalqların son dərəcə mühüm çoxtərəfli təşkilat olan BMT-nin dəyərlərini və məqsədlərini necə həyata keçirdiyinin bariz nümunəsidir.
"Bütün Qlobal Cənubun vətəndaş cəmiyyətinin görkəmli nümayəndələrinin Bakıda görüşünün təşkilində nümayiş etdirdiyi liderlik və uzaqgörənlik münasibətilə Azərbaycanı təbrik edirəm", - o vurğulayıb.