Təbiətlə iç-içə dizaynı və suyun tam ortasından keçən möhtəşəm quruluşu ilə diqqət çəkən bu velosiped marşrutu adi parkurlardan tamamilə fərqlənir. Gölün içindən keçirmiş kimi hissi yaradan yol həm mənzərəsi, həm də memarlıq həlli ilə ziyarətçilərin böyük marağına səbəb olur.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, Limburq bölgəsi dünyada bənzəri az rast gəlinən mühəndislik və təbiət layihəsinə ev sahibliyi edir.
2016-cı ildə istifadəyə verilən layihə təkcə turistik məkan kimi deyil, ekoloji faydaları ilə də diqqət çəkir.
Bokrijk şəhəri, Visit Limburg və təbiəti mühafizə qurumlarının birgə işi nəticəsində yaradılan bu velosiped yolu sayəsində bölgədə su axını yaxşılaşdırılıb.
“Suyun içindən velosiped sürmək” (“Cycling through Water”) adlı layihə ziyarətçilərə suyun üzərindən deyil, gölün tam mərkəzindən pedal çevirmək imkanı yaradır.
Limburqdakı bu xüsusi velosiped yolu 200 metrdən çox uzunluğa malikdir və gölün kənarından deyil, birbaşa içindən keçir.
İki beton divar sayəsində yol su səviyyəsindən aşağıda saxlanılır, velosipedçilər isə təbiətlə eyni səviyyədə hərəkət edirmiş kimi hiss edirlər.
suyun ortasından keçən velosiped yolu