Dünyada ədalətli və suveren postkolonial gələcəyin qurulması üçün gənclərə etimad göstərilməsi, onlara investisiya qoyulması, eləcə də gənclərin qərar qəbuletmə və inkişaf proseslərinə cəlb edilməsi zəruridir.
"Report" xəbər verir ki, bunu Çad Xarici İşlər Nazirliyinin attaşesi Abderrahman Mussa Bakıda keçirilən "Postkolonial dövrdə gənclərin rolunun gücləndirilməsi" mövzusunda beynəlxalq forumda bəyan edib.
"Gənclər bu günün liderləridir. Onları artıq "gözləmə rejimində" saxlamaq olmaz, onlar qərarların qəbulu, yaradıcılıq və transformasiya proseslərinə tam şəkildə cəlb edilməlidirlər. Postkolonial kontekstdə gənclərin rolunun gücləndirilməsi onlara inamın bərpasından - öz kimliyinə və öz mədəniyyətinə inamdan başlamalıdır", - o qeyd edib.
Attaşenin sözlərinə görə, yerli alimləri və mütəxəssisləri dəstəkləyən inklüziv təhsilə böyük məbləğdə investisiyalar yatırmaq, həmçinin gənclərin siyasi və iqtisadi qərarlarda fəal iştirak edə biləcəyi platformalar yaratmaq lazımdır.
Bundan başqa, diplomat təcrübə mübadiləsi mexanizmlərinin inkişaf etdirilməsinə, müxtəlif kontekstlərə uyğunlaşdırılmış həllərin birgə işlənib hazırlanması məqsədilə Qlobal Cənub ölkələri arasında tərəfdaşlığın təşviq edilməsinə çağırış edib.