Luis Okampo və onun oğlu Tomasın yer aldığı yazıdan görünür ki, onlar Ermənistanın daxili siyasətinə, eləcə də Ermənistanın Azərbaycan və Avropa İttifaqı ilə münasibətlərinə müdaxilə edirlər.
Bunu "Report"un Gürcüstan bürosuna bu ölkədə Erməni İctimai Platformasının sədri Giorgi Tumasyan deyib.
O qeyd edib ki, bu materialın Ermənistandakı bəzi siyasi qüvvələr, ehtimal ki, "Daşnaksütyun", tərəfindən öz dar siyasi məqsədlərinin irəlilədilməsi üçün istifadə etdiyi aydın olur:
"Bu, qətiyyən qəbulolunmazdır. Ermənistan xalqı tərəfindən seçilmiş hökumət dəfələrlə bildirib ki, xarici müdaxilələr yolverilməzdir. Hesab olunur ki, bu qüvvələr xarici göstərişlər əsasında fəaliyyət göstərdiyindən onları fikrindən döndərmək mümkün deyil, lakin onların Ermənistan xalqının dəstəyinə malik olmadığı və bu da növbəti seçkilərdə bir daha təsdiqlənəcəyi bildirilir".
Platformanın sədri vurğulayıb ki, bu səbəbdən kənardan müdaxilə, xüsusilə regionla əlaqəsi olmayan və sülhün xalqlara verdiyi faydanı görməyən şəxslərin proseslərə qarışması yolverilməzdir.
Qeyd edək ki, Minval Politika Luis Okamponun siyasi korrupsiyaya bulaşmasını sübut edən videogörüntülər paylaşıb.