Bu ilin ikinci yarısında Azərbaycan və Niderland arasında siyasi məsləhətləşmələrin növbəti raundunun keçiriləcəyi gözlənilir.
"Report" xəbər verir ki, bunu Niderland Krallığının Azərbaycandakı səfiri Marian de Yonq brifinqində bildirib.
Diplomat qeyd edib ki, bu dəfə məsləhətləşmələr Niderlandda keçiriləcək, tarix dəqiqləşdirilir.
"Növbəti raundun keçirilmə tarixi tezliklə müəyyən ediləcək. Bu, əvvəlki məsləhətləşmələrin yekunları üzrə əldə olunmuş daha bir müsbət nəticədir. Bu dəfə məsləhətləşmələr Haaqada keçiriləcək. Bizim Xarici İşlər nazirliklərimiz də sıx təmasdadır. Əlbəttə, sizin Haaqadakı səfirinizlə sıx təmasda oluram, bu, həm də nazirlik səviyyəsində baş verir, çünki bizim nazir Ceyhun Bayramovla daim əlaqədədir. Həmçinin birbaşa ikitərəfli təmaslar da olub, xüsusilə heyətimizin Tehrandan təxliyəsi zamanı. Həmin vaxt iki nazir arasında baş tutan səmimi telefon söhbəti zamanı göstərilən köməyə görə Azərbaycana minnətdarlıq ifadə edilib", - səfir vurğulayıb.