Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan Azərbaycanın 7 idmançısından yalnız ikisinin mükafatı pis vəziyyətdə olduğuna görə dəyişdirilib.
"Report" xəbər verir ki, bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərova və taekvondoçu Qaşım Maqamedova yeni medalların təqdimetmə mərasimində deyib.
"Bildiyiniz kimi, bir müddətdir Paris Olimpiadasından sonra medalların keyfiyyəti məsələsi gündəmdə idi və bu, ən çox mətbuat işçilərini maraqlandırırdı. Nəhayət, medallar dəyişdirildi və Bakıya gətirildi. Bu gün İcraiyyə Komitəsinin iclasında onları sahiblərinə təqdim etdik və bu problemi birdəfəlik həll etdik. Digər beş idmançı isə öz medallarını təqdim etmədilər, çünki onlar öz mükafatlarından razıdırlar. Biz onlarla yenidən əlaqə saxladıq, şəxsən mən Hidayət Heydərov və Zelim Kotsoyevlə danışdım, onların medalları ilə bağlı heç bir problem yoxdur. Əsasən bu iki medal pis vəziyyətdə idi, onları da dəyişdirdik", - MOK rəsmisi vurğulayıb.
O, MOK-un İcraiyyə Komitəsinin iclasında müzakirə olunan məsələlərə də toxunub.:
"İclasda proqramlar üzrə şöbənin hesabatı dinlənildi. Milli Olimpiya Komitəsi son illərdə mütəxəssislərin hazırlanması, məşqçilik kurslarının təşkili və komanda idman növlərinə yardım kimi bir çox layihələr həyata keçirir. Bu fəaliyyətlər bundan sonra da davam edəcək. Həmçinin Atletlər Komissiyası ilə bağlı mühüm qərar qəbul etdik. Dünyanın bütün idman qurumlarında atletlərin təmsil olunması vacibdir. Bu səbəbdən komissiyanın sədri Fəridə Əzizova bundan sonra daimi müşahidəçi qismində İcraiyyə Komitəsinin iclaslarında iştirak edəcək".
Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunlarında medal qazanan 7 idmançımızdan 5-nin medalında nəzərəçarpan dərəcədə dəyişiklik baş verib. Cüdo üzrə olimpiya çempionu Hidayət Heydərov (73 kq) və sərbəst güləş üzrə bürünc mükafatçı Maqomedxan Maqomedov (97 kq) istisna olmaqla, cüdo üzrə olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) qızıl, taekvondoçu Qaşım Maqomedovun (58 kq), boksçu Alfonso Dominqesin (92 kq) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) və sərbəst güləşçi Giorgi Meşvildişvilinin (125 kq) bürünc medalları keyfiyyətini itirib.