Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə hökm oxunub.
Lent.az xəbər verir məhkəmə tərkibi təqsirləndirilən Gülnarə Eynullayevanın 3 il sürücülük hüququndan məhrum edilməklə 6 il, 9 ay, 3 gün müddətinə azadlıqdan məhrum edildiyini elan edib.
Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən G. Eynullayevanın 3 il sürücülük hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.
Xatırladaq ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.
Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub.
Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.
Hadisələr məhkəmə xəbərləri cinayət işləriMənbə: lent.az