IMG-LOGO

BƏƏ ABŞ və İran arasında atəşkəs şərtlərinə əlavə aydınlıq gətirilməsini istəyir

09 Apr 2026 11:04 4 baxış
IMG

Birləşmiş Ərəb Əmirlikləri ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edildikdən sonra Yaxın Şərq bölgəsindəki hadisələri diqqətlə izləyir.

"Report" xəbər verir ki, bu barədə BƏƏ Xarici İşlər Nazirliyinin (XİN) açıqlamasında bildirilib.

Qeyd olunub ki, BƏƏ İranın bölgədəki bütün hərbi əməliyyatların dərhal dayandırılması və Hörmüz boğazının tam və qeyd-şərtsiz yenidən açılmasına dair tam öhdəliyini təmin etmək üçün sazişin müddəaları ilə bağlı əlavə aydınlıq gətirilməsini istəyir.

Açıqlamada vurğulanır ki, fevralın 28-dən bəri İran BƏƏ istiqamətində 2819 raket və dron atıb ki, bu da insan itkisi və maddi ziyana səbəb olub.

"İranın nüvə imkanları, ballistik raketləri, dronları, hərbi imkanları və əlaqəli proksi və terrorçu qrupları da daxil olmaqla, bütün təhdidlərini aradan qaldıran, eyni zamanda Hörmüz boğazında naviqasiya azadlığına təhdidlərə, eləcə də iqtisadi müharibəyə və piratçılığa son qoyan hərtərəfli və davamlı bir yanaşmaya ehtiyac var. Bölgədəki bütün ölkələr üçün davamlı sülhə nail olmağa ümid edirik", - açıqlamada qeyd olunur.

BƏƏ bu müharibənin tərəfi olmadığını və onun alovlanmasının qarşısını almaq üçün intensiv diplomatik səylər göstərdiyini bir daha təsdiqləyib.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

İran, ABŞ və onların müttəfiqləri 2026-cı il aprelin 8-nə keçən gecə iki həftəlik atəşkəs barədə razılığa gəliblər. İran bildirib ki, bu müddət ərzində Hörmüz boğazından təhlükəsiz keçid ölkənin Silahlı Qüvvələri ilə koordinasiya olunmaqla və texniki məhdudiyyətlər nəzərə alınmaqla təmin ediləcək.

Xəbər lenti