Aqrar Sığorta Fondu bu ilin mart-aprel aylarında qeydə alınmış güclü yağışlarla bağlı 300-ə yaxın müraciət qəbul edib.
"Report" xəbər verir ki, bunu Fondun İdarə Heyətinin sədr müavini Ləman Alıyeva-Məmişova ATV-nin "İqtisadi zona" verilişində bildirib.
"Son günlər müşahidə olunan qeyri-sabit hava şəraiti kənd təsərrüfatından yan keçməyib, sektora ciddi ziyan vurub. Bununla bağlı Quba-Xaçmaz, Qarabağ, Şirvan-Salyan və Dağlıq Şirvan iqtisadi rayonlarından daha çox müraciətlər daxil olub. Xüsusilə Şabran və Xaçmaz rayonlarında yağıntılar xeyli sayda təsərrüfata ziyan dəyib. Təkcə arpa və buğda sahələrinə deyil, meyvə bağlarına da (gilas, heyva, armud, badam və s. ) zərər vurulub və bununla bağlı fermerlərdən bizə müraciətlər daxil olub. Hətta fermerlərin verdiyi məlumata görə, suyun hündürlüyü 60 santimetrə qədər çatıb.
Ümumilikdə martın 20-dən bu günə qədər 2 100 hektar əkinə zərər dəyməsi ilə bağlı bizə müraciətlər daxil olub. Ümumi müraciətlərin sayı təxminən 283-dür. 20 mart-31 mart bayram günlərində 168 sığorta müqaviləsi üzrə müraciət daxil olub ki, onun 157-si sel-subasmanı əhatə edib. Bu, onu göstərir ki, bizim son günlərdəki sığorta hadisələri üzrə ödənişlərimiz əsasən sel-subasma riskindən olacaq", - deyə o qeyd edib.