IMG-LOGO

Yasamalda 3 nəfərin öldüyü YANĞIN İŞİ: vəkilə xəbərdarlıq olundu

19 Aug 2026 18:16 3 baxış
IMG
0 0

Bakı Ağır Cinayətlər Məhkəməsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "Loft Dent” stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən proses təqsirləndirilən Bəhruz Paşayevin hüquqlarını müdafiə edən vəkilin iştirak etməməsi səbəbindən təxirə salınıb.

Məhkəmə tərkibi vəkilin məhkəməyə heç bir üzrlü səbəb göstərmədiyini və bununla bağlı Vəkillər Kollegiyasının Rəyasət Heyətinə məlumat veriləcəyini təqsirləndirilən şəxsin nəzərinə çatdırıb.

Növbəti proses 9 sentyabr 16:30-a təyin olunub.

Xatırladaq ki, 2025-ci ilin noyabrın 21-də paytaxtın Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib. Hazırkı vaxtadək keçirilmiş tədbirlərilə müəyyən edilib ki, binanın zirzəmisində başlamış yanğın nəticəsində 3 sakin - Arzu Qəmbərli, Samir Məhəmmədov və Könül Vəlibəyli vəfat edib, 25 nəfər tüstüdən zəhərlənib, habelə müxtəlif şəxslərə məxsus əmlaka ziyan dəyib.

Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225.3-cü maddəsi  (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə məsuliyyətə cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Bundan başqa digər vəfat edən Könül Vəlibəyli Bakı Milli Geyim Evinin rəhbəri olub.

Hadisələr yanğın cinayət işləri məhkəmə işləri FHN

Mənbə: lent.az

Xəbər lenti