Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Yusifov İslam Zal oğlu və tanışı İlham Abbasovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, hakim Günel Səmədovanın sədrliyi ilə keçirilən prosesdə ifadələr elan olunub.
Məlum olub ki, İslam Yusifov və dostu İlham Abbasov birlikdə zərərçəkmiş Rəfael Həsənovun oğlu Həsən Həsənovu dövlət qurumunda hüquq şöbəsinə işə düzəldəcəcəyinə dair yalan vəd verib, onun pulunu ələ keçiriblər. İslam Yusifov ifadəsində makler olmadığını deyib:
"İlham Abbasovun vasitəçiliyi ancaq məni onlarla tanış etmək olub. Onlardan götürdüyüm pulu üç ay müddətində qaytarmalı idim. Mənə 100 min manatı Rəfaelin oğlanları verib. Obyekt 850 min manata satılmalı, 640 min manat banka çatmalı idi. Mən cinayət törətməmişəm".
Daha sonra zərərçəkmiş Rəfayel Həsənovun ifadəsi səsləndirilib.
Bundan sonra İlham Abbasovun ifadəsi elan olunub:
"Onların verdiyi pulun üstünə özüm də qoymuşam. İslam deyib ki, sən pul ver, sonra öz aramızda həll edərik. Həmin pulun 690 000 manatı banka çatmalı idi. Bu işdə mənim də xeyrim olacaqdı. Bu da 20 min manat idi. Zərərçəkmiş şəxsin oğlunu işə düzəltmək barədə razılığımız olmayıb. Mənim heç ora kimisə işə düzəltmək üçün tanıdığım şəxs olmayıb".
Zərərçəkən Rafael Həsənov bildirib ki, ona 360 000 ziyan vurulub:
"Dəymiş ziyanın 102 000-i ödənilib. Mənim pulu vermək səbəbim o idi ki, oğlumu dövlət qurumuna işə düzəldəcəyini vəd vermişdi. İlham Abbasov məndən 360 min manat istədi və dedi ki, 350 min işin həll olunması üçün həmin dövlət qurumuna veriləcək, 10 min manat onun özünə qalacaq. Ortada obyekt söhbəti olmayıb. Obyekti satmaq barədə sonra razılaşmışıq. Obyekt satılacaqdı, mənim də pulum qaytarılacaqdı. Pulu İlhama vermişəm, çünki ona inanmışam. Deyib ki, yaxşı tanışları var, bu işi görəcəklər".
Növbəti proses 16 sentyabr saat 10:00-a təyin olunub.
İttihama görə İ.Yusifov tanışı İ. Abbasovla birlikdə 6 nəfərin yarım milyon manatdan çox pulunu ələ keçirib. Onlara qarşı Cinayət Məcəlləsinin 178.3.2, 178.4 maddələri ilə ittiham irəli sürülüb.
Polisin apardığı istintaq zamanı İslam Yusifovla əlbir olan İlham Abbasov da cinayət məsuliyyətinə cəlb olunub, lakin həbs edilməyib. Zərərçəkənlərə dəymiş ziyan ödənilməsə, onlara 14 ilədək həbs cəzası verilə bilər.
Xatırladaq ki, 2010-cu ildə "Texnikabank" ASC-nin Bakı filialının sabiq müdiri Zal Yusifov 81 nəfərin banka qoyduğu təxminən 38 milyon manatın mənimsənilməsində təqsirli bilinmişdi. Oğlu İslam da həmin iş üzrə dələduzluqda iştirakçı hesab olunmuş və Zal Yusifov 15 il, İslam Yusifov isə 8 il həbs cəzası almışdı. Milyonlarla manatlıq əmlakları müsadirə edilən ata və oğul illər sonra azadlığa buraxılmışdı.
Hadisələr məhkəmə işləri cinayət işləri dələduzluq kriminal xəbərlərMənbə: lent.az