Son dövrlərdə internetdə məşhur brendlərin qablaşdırmasına bənzər saxta məhsulların sayı artıb. Bu məhsulları orijinaldan ayırmaq isə getdikcə daha çətinləşir. Fırıldaqçıların ən çox istifadə etdiyi üsullardan biri qəhvə dənələrini başqa məhsullarla əvəz etməkdir. Xüsusilə, bu məqsədlə soya istifadə olunur.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, saxta qəhvə istehsalçıları xərcləri azaltmaq üçün orijinal qəhvə dənələrini müxtəlif formalarda olan soya ilə əvəz edirlər.
Bu, un, ekstrakt və ya qovrulmuş dənə formasında ola bilər. Nəticədə məhsulun saxta olduğunu xüsusi laborator analiz olmadan müəyyən etmək demək olar ki, mümkün olmur.
Məqalədə qeyd olunur ki, qovrulmuş soya dənələri tünd rəngə və acı qoxuya malikdir. Bundan hazırlanan içki də qəhvəyə bənzər dad və görünüş yaradır. Bu üsulla istehsalçılar 1 kiloqram həqiqi qəhvədən daha çox “qarışıq” əldə edərək onu bazarda qəhvə adı ilə sata bilirlər.
Lavazza şirkətinin nümayəndəsi Cüzeppe Lavazza Avropa bazarında artıq onların brendinə aid saxta qablaşdırmaların ortaya çıxdığını təsdiqləyib. O bildirib ki, qiymət təzyiqlərinə baxmayaraq, şirkət reseptlərini ucuzlaşdırmaq üçün dəyişmək niyyətində deyil.
“Biz heç vaxt qarışıqlarımızı dəyişmirik. Qəhvənin tərkibinə hörmət edirik və istehlakçını aldatmaq istəmirik”, – o vurğulayıb.
Saxta qəhvəni necə tanımaq olar?Mütəxəssislər bir neçə vacib fərqə diqqət yetirməyi tövsiyə edir:
Qoxu: Həqiqi qəhvə özünəməxsus xoş aromaya malikdir, saxta məhsul isə daha çox torpaq qoxusunu xatırladır.
Rəng: Çox açıq rəngli üyüdülmüş məhsul qarışıqlardan xəbər verə bilər.
Konsistensiya: Üyüdülmüş soya suyu tez mənimsəyir, keyfiyyətli qəhvə isə daha yavaş çökmə xüsusiyyətinə malikdir.
Mütəxəssislər istehlakçılara yalnız etibarlı mənbələrdən alış etməyi və məhsulun keyfiyyətinə diqqət yetirməyi tövsiyə edir.
kofe qəhvə saxta qəhvə