Qırğızıstanın İrandakı səfirliyinin fəaliyyəti dayandırılıb.
"Report" yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
"Eyni zamanda Qırğızıstan XİN İrana səfərlərdən çəkinməyi tövsiyə edir. Fövqəladə vəziyyətlər və ya konsulluq-hüquqi yardım almaq zərurəti yarandıqda XİN-in Konsulluq departamentinin qaynar xəttinə və İranla həmsərhəd dövlətlərdəki Qırğızıstan diplomatik nümayəndəliklərinə müraciət edilməlidir", - məlumatda bildirilib.
İranda olan Qırğızıstan vətəndaşlarından yüksək sayıqlıq göstərmək, təhlükəsizlik tədbirlərinə ciddi riayət etmək, insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq, həmçinin yerli hakimiyyət orqanlarının tələblərini qeyd-şərtsiz yerinə yetirmək xahiş olunur.