IMG-LOGO

Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi

28 Mar 2026 13:04 2 baxış
IMG
0 0

Böyük Britaniya hökuməti beş yaşdan kiçik uşaqların valideynləri üçün yeni tövsiyələr yayımlayıb. Bu tövsiyələr uşaqların ekran qarşısında keçirdiyi vaxtın ciddi şəkildə məhdudlaşdırılmasını və körpələrin həyatından süni intellekt və sosial şəbəkələrin tamamilə çıxarılmasını nəzərdə tutur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, sənədi təqdim edən Baş nazir Kir Starmerin sözlərinə görə, məqsəd valideynlərə “amansız” görünən rəqəmsal dünyada düzgün istiqamət tapmağa kömək etmək və onları ziddiyyətli məsləhətlərlə “təkbaşına mübarizə aparmağa” məcbur etməməkdir.

Onlayn platformalar vasitəsilə yayılacaq bu tövsiyələr erkən yaşlardan sağlam vərdişlərin formalaşdırılmasına yönəlib. Bu addım müəllimlərin şikayətləri fonunda atılıb: onlar bildirirlər ki, bir çox uşaqlar məktəbə yuxulu gəlirlər, bu da qadcetlərdən həddindən artıq istifadə ilə əlaqələndirilir.

Yeni qaydalara əsasən, iki yaşdan kiçik uşaqlar televizora baxmaqdan tamamilə uzaq tutulmalıdır, yalnız qarşılıqlı ünsiyyəti təşviq edən birgə fəaliyyətlər istisna olmaqla. İki yaşdan beş yaşa qədər uşaqlar üçün valideynlərə ekran qarşısında keçirilən vaxtı gündə maksimum bir saatla məhdudlaşdırmaq, ideal halda isə bundan da az etmək tövsiyə olunur.

Bu müddət ərzində ailələrə sosial şəbəkə üslubunda sürətlə dəyişən videolardan, eləcə də süni intellektdən istifadə edən oyuncaqlardan və cihazlardan uzaq durmaq məsləhət görülür. Gün rejiminə xüsusi diqqət yetirilir: yemək zamanı və yatmazdan əvvəl ekranlardan tamamilə imtina edilməlidir. Bunun əvəzinə valideynlərə ənənəvi fəaliyyətlərə qayıtmaq təklif olunur — stolüstü oyunlar, rəngləmə, yatmazdan əvvəl nağıllar və fon musiqisi kimi.

Yeni yanaşmanın əsas prinsipi qadcetlərin birgə istifadəsidir: uşaqlarla birlikdə məzmun izləmək, gördüklərini müzakirə etmək və suallar vermək, onların planşetdən təkbaşına istifadəsindən daha faydalıdır və idrak inkişafına müsbət təsir göstərir.

Tövsiyələrin hazırlanması uşaq ombudsmanı Reyçel de Souzanın rəhbərliyi ilə ekspert qrupu tərəfindən həyata keçirilib. Məlumatların təhlili göstərib ki, ekran qarşısında uzun müddət qalmaq uşağın inkişafı üçün vacib olan fəaliyyətləri, yuxunu, fiziki aktivliyi, yaradıcı oyunları və valideynlərlə canlı ünsiyyəti sıxışdırır. Ekspertlər həmçinin böyüklərə özlərinin də uşaqların yanında qadcetlərdən istifadəsini nəzərdən keçirməyi və ailədə tam “ekransız” zaman aralıqları tətbiq etməyi tövsiyə ediblər.

Yeni tövsiyələr daha geniş hökumət kampaniyasının bir hissəsidir. Bu kampaniya çərçivəsində həmçinin 16 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrin qadağan edilməsi və məktəblərdə smartfon istifadəsinin məhdudlaşdırılması imkanları da nəzərdən keçirilir.

Bu tədbirlər parlamentdə ciddi müzakirələrə səbəb olub: mühafizəkarlar onların uşaqların rifahı və məktəblərlə bağlı qanun layihəsinə daxil edilməsi üçün fəal mübarizə aparırlar.

Təhsil naziri Laura Trott təşəbbüsü şərh edərkən hökuməti daha irəli getməyə çağırıb. O qeyd edib ki, rəqəmsal texnologiyaların təsiri beş yaşla məhdudlaşmır və valideynlər çox vaxt sosial şəbəkələr və böyük texnologiyalarla bağlı çətinliklərlə təkbaşına üz-üzə qalırlar.

süni intellekt televizor telekanallar Böyük Britaniya qanunları

Xəbər lenti