IMG-LOGO

Gürcüstanda Azərbaycan və Ermənistanla sərhəd yolları üçün yeni beynəlxalq tender elan edilib

28 Mar 2026 11:28 2 baxış
IMG

Gürcüstan hökuməti Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı əsas yol seqmentlərində aparılacaq tikinti işlərinə nəzarət məqsədilə beynəlxalq tenderi yenidən elan edib.

"Report"un yerli bürosu bu barədə Gürcüstanın İnfrastruktur Nazirliyinin Yol Departamentinə istinadən xəbər verir.

Qurumun açıqlamasına əsasən, nəzarət xidmətlərinin ümumi təxmini məbləği 19 milyon avro həcmindədir.

Məlumata görə, Rustavi-Tsiteli körpüsü və Alqeti-Sadaxlı hissələri Şərq-Qərb və Cənub-Şimal beynəlxalq tranzit dəhlizlərinin əhəmiyyətli seqmentini təşkil edir və Gürcüstanın magistral yol infrastrukturunu Azərbaycan və Ermənistan sərhədlərinə qovuşdurur.

Layihə daxilində beynəlxalq yol təhlükəsizliyi normalarına müvafiq olaraq, 61,3 km uzunluğunda 4 zolaqlı, beton örtüklü və müasir işıqlandırma sistemi ilə təmin edilmiş avtomobil yolunun inşası nəzərdə tutulub. Eyni zamanda, 26 körpü və 11 yol qovşağının tikilməsi də planın tərkib hissəsidir. Bu istiqamətdə işlər dörd ayrı hissəyə bölünmüşdü və ilkin planlara uyğun olaraq, tikinti prosesinin 2025-ci ildə başlaması və 30 aylıq müddət ərzində mərhələli qaydada yekunlaşdırılması nəzərdə tutulurdu.

Layihənin maliyyələşdirilməsi Avropa İnvestisiya Bankının (EIB) krediti və dövlət büdcəsinin ortaq vəsaitləri hesabına həyata keçirilir. Bank bu təşəbbüs üçün 250 milyon avro kredit vəsaiti ayırıb. Əsas yol hissələrinin layihələndirilməsi isə Dünya Bankının dəstəyi ilə hollandiyalı şirkət tərəfindən hazırlanıb.

Xəbər lenti