IMG-LOGO

İranın ali dini liderinin hərbi müşaviri müharibənin bitməsi üçün üç şərt irəli sürüb

24 Mar 2026 00:56 2 baxış
IMG

İranın ali dini lideri Müctəba Xameneinin hərbi müşaviri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) keçmiş komandanı və Məsləhət Şurasının üzvü Möhsün Rzayi müharibənin dayandırılması üçün üç şərt açıqlayıb.

"Report"un məlumatına görə, Rzayi bu barədə İran Dövlət Televiziyasının Xəbər Şəbəkəsinə (IRINN) geniş müsahibəsində danışıb.

Rzayi bildirib ki, müharibə dəymiş ziyan ödənilənə, bütün iqtisadi sanksiyalar aradan qaldırılana və ABŞ-nin İranın daxili işlərinə qarışmayacağına dair zəmanət alınana qədər davam edəcək.

"Bu, xalqımızın, rəhbərin və silahlı qüvvələrimizin qərarıdır", - hərbi müşavir deyib və əlavə edib ki, ABŞ "47 il ərzində İran iqtisadiyyatına zərbə vurub" və onun inkişafına mane olub.

O iddia edib ki, İranın düşmənləri ölkəni beş hissəyə bölmək istəyirlər.

"ABŞ neft ehtiyatları ilə birlikdə Buşehr, Xuzistan və İlamı (İranın əyalətləri - red.) Venesuela kimi mənimsəmək istəyir", - Rzayi qeyd edib.

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp cari danışıqlar çərçivəsində Vaşinqtonla Tehran arasında razılaşmalar əldə olunacağı təqdirdə, Hörmüz boğazının dərhal açılacağına əminliyini ifadə etmişdi. Onun sözlərinə görə, Vaşinqton Tehranla Yaxın Şərqdəki münaqişənin "tam nizamlanması" barədə "çox yaxşı" danışıqlar aparıb. Öz növbəsində, İran iddia edir ki, ABŞ ilə birbaşa təmas olmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başlatmasından qısa müddət sonra İsrail Müdafiə Qüvvələri ilə "Hizbullah" arasında silahlı qarşıdurma yenidən başladı. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xəbər lenti