Pentaqon rəsmiləri ABŞ Prezidenti Donald Trampa verdikləri hərbi planlara İranla münaqişəyə mümkün son qoymaq üçün təkliflər daxil ediblər.
"Report" xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən məlumat yayıb.
Mənbələrin məəlumatına görə, ABŞ Prezidentinin müşavirləri arasında gələcək tədbirlər barədə fikir birliyi yoxdur.
Qeyd olunur ki, münaqişəyə son qoymağın tərəfdarı olanlar hərbi əməliyyatın əvvəlindən bəri dünyada artan iqtisadi qeyri-sabitlikdən narahatlıqlarını ifadə edirlər.
Telekanalın məlumatına görə, ABŞ hökumətinin artan qlobal neft qiymətlərinin qarşısını almaq səyləri fonunda münaqişəyə son qoymaq üçün variantların müzakirəsi getdikcə daha aktual hala gəlir.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayıb. SEPAH İsrail, Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektlərə hücum edərək genişmiqyaslı cavab əməliyyatı barədə bəyan edib.