ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlməyə çalışdığını bildirib.
"Report"un məlumatına görə, o, bu açıqlamanı Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən verib.
"Onlar saziş bağlamaq istəyirlər, adamlarımızla danışırlar", - Amerika lideri bildirib. Lakin o, Tehranın razılığa gəlmək istəyinə əmin olmadığını qeyd edib.
Trampın sözlərinə görə, ABŞ-də İran tərəfində kimin danışıqlar apardığı barədə də tam aydınlıq yoxdur.
"Biz onların liderinin kim olduğunu bilmirik. Danışıqlar aparmaq istəyən insanlar var. Onların kim olduqları barədə heç bir məlumatımız yoxdur", - o deyib.
İranın yeni Ali lideri Müctəba Xamenei ətrafında vəziyyətə münasibət bildirən Tramp onun səhhəti barədə kifayət qədər məlumat olmadığını bildirib.
"Biz onun ölü və ya diri olduğunu bilmirik. Onu heç kim görməyib və bu, qeyri-adi haldır", - ABŞ Prezidenti qeyd edib.
ABŞ lideri həmçinin Xameneinin ABŞ və İsrailin zərbələri nəticəsində ağır xəsarət aldığını, o cümlədən ayağını itirmiş ola biləcəyini güman edir.
İranın Xarici İşlər Nazirliyi daha əvvəl Ayətullah Müctəba Xameneinin yaralandığını, lakin vəziyyətinin sabit olduğunu bildirib.