IMG-LOGO

Azərbaycanda 54 radiotezlik nominalı dövlət resursu kimi geri alınıb

13 Mar 2026 16:31 2 baxış
IMG

Azərbaycanda 54 radiotezlik nominalı dövlət resursu qismində geri götürülüb.

"Report" Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istinadən xəbər verir ki, bu barədə müvafiq qərar Radiotezliklər üzrə Dövlət Komissiyasının növbəti iclasında təsdiq edilib.

Məlumata görə, geri alınan tezliklərdən 38-i əvvəlki iclaslarda ayrılmasına icazə verilmiş, lakin radiorabitə şəbəkələrinin istifadəsini dayandıraraq "Lisenziyalar və icazələr haqqında" Qanuna əsasən könüllü şəkildə radiotezlik istifadəsindən imtina etmiş tezlik istifadəçiləri ilə əlaqəli olub.

Bundan başqa, 6 radiotezliyin "Telekommunikasiya haqqında" Qanuna müvafiq olaraq, radiotezliklərin ayrılması barədə qərar çıxarıldıqdan sonra 1 ay ərzində Dövlət Radiotezliklər İdarəsi ilə radiotezliklərdən istifadəyə dair müqavilə imzalamayan istifadəçidən geri alınması haqqında qərar verilib.

Həmçinin radiotezliklərdən 4-ünün "Telekommunikasiya haqqında" Qanuna uyğun şəkildə, radiotezliklərdən istifadəyə dair bağlanmış müqavilədəki öhdəliklərini icra etməyən, o cümlədən tezlik nominalları üçün müəyyən edilmiş tariflərə uyğun 2 il müddətində ödənişləri tam həyata keçirməyən və ayrılmış radiotezlikləri 3 ay ərzində istifadə etməyən tezlik istifadəçilərindən geri alınması qərarlaşdırılıb.

İclasda Komissiyaya daxil olan 33 müraciət nəzərdən keçirilərək müvafiq qərarlar qəbul edilib. Müraciətlərdən 10-u radiorabitənin təşkili üçün istifadə edilən radiostansiyalar, 4-ü gəmilərdə tətbiq olunan radio avadanlıqlar, 6-sı GNSS (Qlobal Naviqasiya Peyk Sistemi) məlumatlarının ötürülməsi, 3-ü simsiz giriş şəbəkələri (Wi-Fi simsiz texnologiya (5 QHs)), 1-i mobil rabitə məqsədilə (radiorele xətləri) radiotezliklərin ayrılması, 3-ü isə yenidən rəsmiləşdirmə ilə bağlı olub. Komissiya üzvləri bütün 33 müraciəti müsbət cavablandıraraq müvafiq icazələr verib.

Radiospektr idarəçiliyini həyata keçirən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi eyni zamanda Dövlət Komissiyası Katibliyinin funksiyalarını icra edir.

Xəbər lenti