Azərbaycanda müasir çağırışlara uyğun iqlimlə bağlı qanunun qəbul etməsinə ehtiyac var.
"Report" xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov parlamentin bu gün keçirilən plenar iclasında - Nazirlər Kabinetinin 2025-ci ildəki fəaliyyəti haqqında icmal hesabatın təqdimatı zamanı bildirib.
Onun sözlərinə görə, müasir qlobal çağırışlar fonunda dövlətlər enerji istehsalının artırılması ilə yanaşı, iqlim siyasətini də gücləndirirlər: "Enerji istehsalı, iqtisadi inkişaf və ekoloji təhlükəsizlik bir-biri ilə sıx bağlı olan strateji sahələrdir. Bir çox ölkələrdə qəbul olunan iqlim qanunları emissiyaların tənzimlənməsi, enerji səmərəliliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üçün mühüm hüquqi mexanizmlər yaradır. Bu baxımdan Azərbaycanın da müasir çağırışlara uyğun iqlim qanununun qəbul etməsinə ehtiyacı var və bu qanun qəbul edilərsə, xüsusi bir əhəmiyyət daşıyacaq. Belə bir qanun emissiyaların ölçülməsi, uçot sisteminin formalaşdırılması, karbon bazarlarının yaradılması və iqlim tədbirlərinin şəffaf şəkildə monitorinqi üçün mexanizmlər yarada bilər. Bununla yanaşı, karbon kreditlərinin beynəlxalq ticarəti vasitəsilə ölkəyə əlavə maliyyə resursları cəlb edilə bilər."
S. Qurbanov qeyd edib ki, "Sıfır tullantı" eEkoloji siyasətin mühüm komponentlərindən biri də bərk məişət tullantılarının idarə olunmasıdır: "Dünya Bankının məlumatına görə, dünyada hər il təxminən 2 milyard ton məişət tullantıları yaranır və bu rəqəmin 2050-ci ilə qədər 3,4 milyard tona artacağı proqnozlaşdırılır. BMT bu sahəyə xüsusi diqqət ayırır. Qardaş Türkiyədə həyata keçirilən "Sıfır Atıq" projesi qısa müddət ərzində beynəlxalq səviyyədə nümunəvi ekoloji model kimi tanınıb".
Sonda o, hökuməti bu sahəyə xüsusi diqqət ayırmağa və gələcəkdə yaranacaq problemlərin aradan qaldırılmasına töhfə verməyə dəvət edib.