Monteneqronun Budva şəhərində keçirilmiş "Adriatik incisi" beynəlxalq turnirində qızıl medal qazanan Azərbaycanın gənc boksçusu Rza Rzayevin (70 kq) hədəfi dünya və olimpiya çempionu olmaqdır.
İdmançı bu barədə "Report"a açıqlama verib.
O, Dünya Kuboku statuslu yarışda qalib olması ilə bağlı fikirlərini bölüşüb:
"Azərbaycan bayrağını qaldırmaq, Dövlət Himnini səsləndirmək mənim üçün fəxr və şərəfdir. Lakin bununla kifayətlənməyəcəyəm. Ən böyük hədəflərimdən biri dünya və olimpiya çempionu olmaqdır. Məşqləri davam etdirəcəyəm və bunun üçün əlimdən gələn hər şeyi etməyə hazıram".
Boksçu gənclər arasında ölkə çempionu olduqdan sonra millinin heyətinə cəlb olunduğunu xatırladıb:
"Monteneqrodakı turnirdən əvvəl baş məşqçimiz Elbrus Rzayevin rəhbərliyi altında təlim-məşq toplanışına qatıldım. Hədəfim Vətənə yalnız qızıl medalla qayıtmaq idi. Bunun üçün texniki və taktiki hazırlıqlar oldu. Xorvatiya təmsilçisi ilə ilk döyüşüm bir az ağır keçdi. Buna baxmayaraq, 5:0 hesabı ilə qalib gələrək yarımfinala yüksəldim və ən azı bürünc medalı təmin etdim. Qırğızıstan təmsilçisinə də eyni hesabla qalib gələrək finala yüksəldim. Burada isə rəqibim bolqarıstanlı idi. İlk raundda ona gücümü göstərdim, 4:1 qalib gələrək qızıl medala yiyələndim".
Qeyd edək ki, Azərbaycan millisi 18 ölkənin qatıldığı yarışda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.