BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransları (COP) çərçivəsində iqlim danışıqları prosesi qlobal əməkdaşlıq üçün son universal məkanlardan biri olaraq qalır.
"Report"un məlumatına görə, bunu Mərakeşin keçmiş xarici işlər və əməkdaşlıq naziri (2013–2017) və COP22-nin prezidenti Səlahəddin Mezuar XIII Qlobal Bakı Forumunda bəyan edib.
Onun sözlərinə görə, bu gün əsas məsələ təkcə yeni iqlim öhdəliklərinin razılaşdırılması deyil, həm də danışıqlar prosesinin özünün səmərəliliyinin təmin edilməsidir:
"COP sistemi universallığa əsaslanır: bütün ölkələr hələ də eyni danışıqlar masasında oturur ki, bu da qlobal çağırışlar şəraitində xüsusilə vacibdir. İqlim dəyişiklikləri qlobal problemdir, bu isə qlobal əməkdaşlıq tələb edir".
Onun sözlərinə görə, konsensus əsasında qərar qəbulu prosesin legitimliyini təmin edir və hər bir ölkəyə öz səsini bildirmək imkanı verir. Lakin belə yanaşma yekdilllik tələb etdiyi üçün tərəqqini ləngidə də bilər.
S.Mezuar iqlim fəaliyyətlərinin sürətləndirilməsinin zəruriliyini də vurğulayıb. Onun fikrincə, mümkün həll yollarından biri öhdəliklərin praktiki həyata keçirilməsinə daha sürətli keçid edə bilən "İstəklilər koalisiyası" ola bilər.