IMG-LOGO

Hörmüz boğazının bağlanması Fars körfəzi ölkələrinə 15,1 milyard dollar zərər vurub

13 Mar 2026 11:49 2 baxış
IMG

Fars körfəzi ölkələrinin neft hasil edən şirkətləri Hörmüz boğazından gəmiçiliyin dayandırılması səbəbindən təxminən 15,1 milyard dollar itiriblər.

"Report" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb.

Nəşr "Wood Mackenzie" konsaltinq şirkətinin hesablamalarına əsaslanaraq bildirir ki, Hörmüz boğazının faktiki bağlanması ən çox Səudiyyə Ərəbistanına zərbə vurub və o, neft ixracından 4,5 milyard dollar həcmində gəlir itirib.

Qətərin "Qatar Energy" neft-qaz şirkəti neft hasilatının dayandırılması səbəbindən martın 2-dən 11-dək təxminən 571 milyon dollar gəlir əldə edə bilməyib.

Ekspertlər hesab edirlər ki, neft məhsullarının hasilatı və tədarükündəki fasilələrdən ən ciddi zərəri büdcə daxilolmalarının 90 %-ni neft hasilatından əldə edən İraq çəkə bilər. Qətər və Küveyt də mənfi nəticələrlə üzləşə bilər, lakin qısamüddətli perspektivdə öz suveren fondlarının vəsaitlərindən istifadə edə bilərlər.

"Financial Times" "Kpler" analitik şirkətinin məlumatlarına istinadən yazır ki, Hörmüz boğazında blokladaya düşmüş gəmilərdəki neft məhsullarının və mayeləşdirilmiş təbii qazın dəyəri ən azı 10,7 milyard dollar təşkil edir. Boğaz vasitəsilə gündəlik olaraq orta hesabla 1,2 milyard dollar dəyərində enerji resursları nəql edilirdi.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Xəbər lenti