"Azərbaycan Dəmir Yolları" QSC-nin Ələt-Osmanlı dəmir yolu xətti üzrə işlərin təxminən yarısı həyata keçirilib.
"Report" bu barədə Nazirlər Kabinetinin 2025-ci il fəaliyyəti haqqında icmal hesabata istinadən xəbər verir.
Sənədə əsasən, hesabat ilində investisiya və tikinti layihələri çərçivəsində Bakı-Böyük Kəsik dəmiryol xəttində elektrik təchizatı və rabitə-işarəvermə sistemlərinin layihələndirilməsi, təchizatı və quraşdırılması layihəsi üzrə fiziki tərəqqi müvafiq olaraq 69,8 % va 54,8 % təşkil edir.
Dəmir yolu sektorunun inkişafı layihəsi üzrə kredit müqaviləsi (Asiya İnkişaf Bankı və Fransa İnkişaf Agentliyi) çərçivəsində Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması layihəsi üzrə işlərin davam etdirilib və 2025-ci ilin sonuna ümumi fiziki tərəqqi 99,7 % təşkil edib.
Qeyd edilib ki, Ələt-Astara dəmiryol xəttinin, enerji və rabitə işarəvermə sistemlərinin layihələndirilməsi, yenidən qurulması, tikintisi və tikinti altına düşən torpaqların özgəninkiləşdirilməsi layihəsi çərçivəsində layihələndirmə işləri başa çatdırılıb və Ələt-Osmanlı üzrə işlərin 47,5 %-i həyata keçirilib.