ABŞ-nin Hərbi Dəniz Qüvvələri (HDQ) ehtimal ki, bu ilin mart ayının sonuna qədər Hörmüz boğazında tankerlərin müşayiətini təmin edə biləcək.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin energetika naziri Kris Rayt CNBC telekanalının efirində bildirib.
Onun sözlərinə görə, ABŞ HDQ hələ tankerlərin müşayiətini təmin etməyə hazır deyil.
"Bu gün daha sonra mən Pentaqonda olacağam - hərbçilər hazırda məhz bunun üzərində işləyirlər. Bu nisbətən tez baş verəcək, lakin hələlik, qeyri-mümkündür. Biz sadəcə hazır deyilik. Bütün hərbi resurslarımız hazırda İranın hücum potensialının və onun hərbi-sənaye kompleksinin məhv edilməsi üçün cəmləşib", - o qeyd edib.
"Rapidan Energy" və "Wood Mackenzie" konsaltinq şirkətlərinin təhlillərinə görə, Hörmüz boğazının bağlanması tarixdə neft tədarükünün ən böyük kəsilməsinə səbəb olub. Bu, Fars körfəzinə yeganə giriş və çıxış yoludur. Müharibədən əvvəl qlobal neft istehlakının təxminən 20%-i bu su yolu ilə keçirdi.
Gəmi sahibləri İranın hücumlarından ehtiyat etdikləri üçün boğaz vasitəsilə tankerlərin hərəkəti iflic vəziyyətində qalmaqdadır. Çərşənbə günü 30-dan çox ölkə tədarükdəki genişmiqyaslı fasilələrin öhdəsindən gəlmək cəhdi olaraq öz ehtiyatlarından bazara 400 milyon barel neft çıxarmaq barədə razılığa gəlib. ABŞ bu səylər çərçivəsində strateji ehtiyatlarından 172 milyon barel neft buraxacaq.