IMG-LOGO

EDB Azərbaycan və Türkiyə arasında investisiya axınlarına dair məlumatları açıqlayıb

12 Mar 2026 14:57 14 baxış
IMG

2025-ci ilin altı ayının sonuna olan vəziyyətə görə, Azərbaycanın Türkiyə iqtisadiyyatına kapital qoyuluşlarının ümumi həcmi 13,1 milyard ABŞ dollarına çatıb.

"Report" xəbər verir ki, bu barədə Avrasiya İnkişaf Bankının (EDB) İnteqrasiya Araşdırmaları Mərkəzinin Baş analitiki Aydos Omarov "Avrasiya regionunun investisiya dinamikası: yekunlar və tendensiyalar" mövzusunda hesabatın təqdimatında bildirib.

Onun məlumatına görə, əks investisiya axını - Türkiyədən Azərbaycana - 3,1 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

"Türkiyədəki ən irimiqyaslı Azərbaycan layihəsi ümumi investisiya həcmi təxminən 7 milyard dollar olan, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən STAR neft emalı zavodunun inşasıdır. Türkiyə tərəfindən isə ən böyük investisiya layihəsi Türkiyənin TPAO şirkətinin "Şahdəniz" qaz-kondensat yatağının işlənməsində iştirakıdır. Bu investisiyaların həcmi 2,85 milyard dollar təşkil edir", - A.Omarov qeyd edib.

Xatırladaq ki, STAR NEZ 2018-ci ildə işə salınıb və "Azeri Light", "Kerkuk" və "Urals" neft növlərinin emalına yönəlib. Zavod "Petkim" neft-kimya kompleksi üçün xammal bazasını təmin edir və SOCAR üçün öz dizel yanacağı, aviasiya kerosini, eləcə də kimya sənayesi məhsulları ilə Aralıq dənizi bazarına çıxmaq imkanları açır. Müəssisənin istehsal gücü Türkiyənin neft məhsullarına olan tələbatının 18 %-ni ödəyir.

"Şahdəniz" qaz-kondensat yatağı Xəzər dənizinin cənub-qərb hissəsində, Azərbaycan paytaxtından təxminən 70 km cənub-şərqdə yerləşir. Onun işlənməsi haqqında saziş 1996-cı il iyunun 4-də Bakıda imzalanıb. "Şahdəniz" layihəsində iştirak paylarının strukturu aşağıdakı kimidir: BP (operator - 29,99 %), "Lukoil" (19,99 %), TPAO (19 %), Cənub Qaz Dəhlizi (16,02 %), NIKO (10 %), MVM (5 %).

İstismara verildiyi vaxtdan 2026-cı il fevralın 1-dək "Şahdəniz" yatağında 267 milyard kubmetr təbii qaz və 52,7 milyon ton kondensat hasil edilib. Bu həcmə "Şahdəniz-2" mərhələsi çərçivəsində hasil edilmiş 87 milyard kubmetr qaz da daxildir.

Hazırda yataq hasilatın pik səviyyəsində fəaliyyət göstərir. 2028-ci ildə "Şahdəniz"in işlənməsinin yeni fazası çərçivəsində qaz hasilatının başlanması gözlənilir.

Xəbər lenti