Liderlik milləti həm rifaha, həm də münaqişələrə apara bilər.
"Report" xəbər verir ki, bunu Timor-Lestenin Prezidenti Jose Ramos-Horta XIII Qlobal Bakı Forumunda bildirib.
O, öz ölkəsini nümunə gətirərək vurğulayıb ki, dövlət rəhbərinin liderlik keyfiyyətləri xarici siyasətə və millətin taleyinə birbaşa təsir edir.
"Liderlik hər şey deməkdir. O, insanları təhlükəsizliyə, əmin-amanlığa, barışığa və inkişafa apara, eyni zamanda fəlakətlə nəticələnə bilər. Tarixdə belə hallar artıq olub - məsələn, Şərqi Timor və İndoneziya arasında öz həllini tapmış münaqişə", - Jose Ramos-Horta qeyd edib.
O vurğulayıb ki, Timor-Lestedə zorakılıqla bağlı cinayətkarlıq, etnik və ya dini münaqişələr demək olar ki, yoxdur:
"Bizdə mütəşəkkil cinayətkarlıq yoxdur. Bəzən kənardan kriminal elementlər sızmağa çalışır, lakin daxili mütəşəkkil cinayətkarlıq mövcud deyil".
Jose Ramos-Horta vurğulayıb ki, bu gün Timor-Leste ASEAN-ın tamhüquqlu üzvüdür və assosiasiyanın bütün ölkələri ilə münasibətləri sülhə əsaslanır:
"İndoneziya, Malayziya və ASEAN-ın digər üzvlərinin dəstəyi ilə ölkəmiz tam sülh şəraitindədir".