IMG-LOGO

4SİM: Azərbaycan üçün süni intellektin mənfi istifadə halları və təsirləri var

12 Mar 2026 12:26 4 baxış
IMG

Azərbaycan üçün süni intellektin həm müsbət, həm də mənfi istifadə halları və təsirləri mövcuddur.

"Report" xəbər verir ki, bunu Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin (4SİM) Süni İntellekt layihələri üzrə meneceri Ruslan Zeynalzadə Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı forumda bildirib.

Onun sözlərinə görə, 10 il əvvəl süni intellektin tətbiq sahələri məhdud olsa da, bu gün mənzərə tamamilə fərqlidir: "İndi demək olar ki, bütün sahələrdə böyük data mövcuddur. Datanın olduğu hər bir sahədə - təhsil, səhiyyə, logistika və mediada süni intellekt rahatlıqla tətbiq olunur".

O bildirib ki, süni intellekt ondan istifadə edən şəxsdən asılı olaraq, həm müsbət, həm də mənfi rol oynaya bilər: "Misal olaraq kibertəhlükəsizlik sahəsində süni intellekt banklarda saniyələr ərzində milyonlarla tranzaksiyanı təhlil edir və hər hansı anomaliya aşkar edildikdə bu barədə komandaya məlumat verir. Lakin eyni süni intellektdən dələduzlar platformalardakı boşluqları tapmaq üçün də istifadə edirlər".

R. Zeynalzadə qeyd edib ki, hazırda universitetlərdə və bir çox təhsil müəssisələrində süni intellektdən tələbələrin dərsləri daha yaxşı qavraması üçün istifadə olunur: "Amma eyni zamanda, tələbələr imtahan suallarının cavablandırılması və ya imtahanın birbaşa süni intellekt tərəfindən yerinə yetirilməsi üçün də bu texnologiyaya müraciət edirlər. Bu da göstərir ki, süni intellektin həm müsbət, həm də mənfi istifadə halları və təsirləri mövcuddur".

Xəbər lenti