IMG-LOGO

Bu il Azərbaycanda "Fərdi Məlumatın Mühafizəsi haqqında" qanun layihəsi qüvvəyə minəcək

12 Mar 2026 12:38 4 baxış
IMG

Azərbaycanda "Fərdi Məlumatın Mühafizəsi haqqında" yeni qanun layihəsinin bu il qüvvəyə minməsi nəzərdə tutulur.

"Report" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin Fərdi məlumatların mühafizəsi sektorunun müdiri Xəyalə Babayeva Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, yeni qanun layihəsi tam şəkildə Avropa təcrübəsi əsasında formalaşdırılır: "Məqsəd beynəlxalq standartlarla harmoniyanın təşkil edilməsidir ki, bu qanun layihəsində tam şəkildə beynəlxalq təcrübə nəzərə alınır. Qanun layihəsində rəqəmsal mühitdə rəqəmsal risklərin qarşısının alınmasına bağlı öhdəliklər və bununla bağlı hüquqlar müəyyən edilib. Artıq biznes üçün aydın tələblər və tətbiq edilən qaydalar müəyyən ediləcək. Vətəndaşlar üçün isə artıq yeni, daha geniş hüquqlar nəzərdə tutulub ki, onlar rəqəmsallaşma fonunda fərdi məlumatın mühafizəsinə nəzarəti itirməsinlər, əksinə, fərdi məlumatların istifadəsi və işlənilməsi qanunauyğun şəkildə təşkil olunsun".

O, qanun layihəsində təşkilatlar üçün hesabatlılıq mexanizmlərinin də müəyyən olunduğunu diqqətə çatdırıb: "Artıq preventiv nəzarət daha ön plana çıxır, nəinki hadisə baş verdikdən sonra onun aradan qaldırılması. Hadisə baş vermədən, pozuntu baş vermədən öncə bunun aşkar edilməsi nəzərdə tutulub. Həmçinin qanun layihəsində təhlükəsizliyin gücləndirilməsinə bağlı bir çox mexanizmlər tətbiq ediləcək. Təhlükəsizlik insidentləri ilə bağlı məlumatların verilməsi, fərdi məlumatların mühafizəsi üzrə qurumlarda məsul şəxslərin təyin edilməsi, bunun fonunda əlbəttə ki, dövlətin bu sahədə nəzarət funksiyaları gücləndirilib ki, ölkədə fərdi məlumatın mühafizəsi ilə bağlı mədəniyyət formalaşdırıla bilsin".

Bu il ərzində ölkədə ilk fərdi məlumatın mühafizəsi üzrə vahid portalının yaradılmasının nəzərdə tutulduğunu xatırladan ETX rəsmisi layihənin məqsədinin fərdi məlumatlar sahəsində vətəndaşların hüquqlarının təmin edilməsi, onların hüquqlarının həyata keçirilməsi üçün əlçatan müdafiə mexanizmlərinin yaradılması olduğunu bildirib: "Eyni zamanda həm təşkilatlar üçün, həm də biznes üçün uyğunluq və özünü tənzimləmə alətlərinin yaradılması nəzərdə tutulub. Təşkilatlar artıq fərdi məlumatların mühafizəsinə bağlı öhdəliklərlə vahid platforma və siyahı ilə tanış olub. Eyni zamanda RİNN ilə bu platforma üzərindən bütün əlaqələri rəqəmsal şəkildə həyata keçirə biləcəklər".

X. Babayeva fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestrinin müəyyən hissəsinin ictimaiyyətə açıq olacağını qeyd edib: "Türkiyənin Fərdi Məlumatların Mühafizəsi sahəsində məsul qurumu ilə imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində fərdi məlumatların informasiya sistemlərinin dövlət reyestri məhz Türkiyə təcrübəsi əsasında yaradılıb. Bu reyestr ölkədə olan bütün fərdi məlumatın informasiya sistemlərinin qeydiyyatının aparılması və reyestrdə toplanmasını nəzərdə tutur. Həmçinin reyestrin müəyyən hissəsi ictimaiyyətə açıq olacaq və vətəndaşlar, fiziki şəxslər olaraq daxil olub, ölkədə hansı təşkilatların fərdi məlumatın mühafizəsinə bağlı hansı tədbirlər həyata keçirdiyini, ümumiyyətlə, hansı məlumatları, nə məqsədlə işlətdiyi ilə tanış ola biləcəklər".

Xəbər lenti