IMG-LOGO

Cəbrayıl Həsənov: "Avropa çempionatında bir neçə qızıl medal qazana bilərdik"

12 Mar 2026 10:37 5 baxış
IMG

Azərbaycan sərbəst güləşçiləri Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında bir neçə qızıl medal qazana bilərdi.

"Report"un yarışa ezam olunan əməkdaşının məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Cəbrayıl Həsənov jurnalistlərə açıqlamasında deyib.

O, komandanın çıxışını yüksək qiymətləndirsə də, bəzi idmançıların qızıl medalı əldən verdiyini qeyd edib:

"Dəstəyiniz üçün təşəkkür edirik, bu, bizim üçün böyük uğurdur. Komandamız yaxşı çıxış etdi, amma nəticə bundan da yaxşı ola bilərdi. Məsələn, 125 kq çəkidə Yusif Dursunov texniki səhvə yol verdiyinə görə qızıl medaldan uzaq düşdü. Həmçinin Ağanəzər Novruzovdan böyük nəticə gözləyirdik. O, böyüklər arasında Avropa mükafatçısıdır və burada qızıl medala ən real namizədlərdən biri idi. Nədənsə, bu yarışda istədiyimiz kimi çıxış edə bilmədi. Qarşıdan U-23 dünya, böyüklər arasında isə Avropa çempionatı gəlir. Səhvlər üzərində işləyəcəyik".

C.Həsənov hazırlıq prosesi üçün yaradılan şəraitə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib:

"Federasiya tərəfindən bizə hər cür şərait yaradılmışdı. İstər təlim-məşq toplanışlarının keçirilməsi, istərsə də vitaminləşdirmə baxımından heç bir çətinliyimiz olmadı. Bu dəstəyə görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm".

Böyük məşqçi gözləntilərin, demək olar ki, doğrulduğunu vurğulayıb:

"Gözləntilərimizin böyük hissəsi reallaşdı. Sadəcə, bir yox, bir neçə qızıl medal gözləyirdik. Qeyd etdiyim kimi, Yusif Dursunov və Ağanəzər Novruzov da çempion ola bilərdi. Amma nəsə çatmadı. İnşallah, qarşıdan gələn yarışlara yüksək səviyyədə hazırlaşıb daha yaxşı nəticələr göstərməyə çalışacağıq".

Qeyd edək ki, Azərbaycanın 23 yaşadək sərbəst güləşçiləri Avropa çempionatını 8 medalla başa vurub. Ali Tsokayev (92 kq) Avropa çempionu olub, Ceyhun Allahverdiyev (61 kq), Vasif Bağırov (57 kq), Səbuhi Əmiraslanov (79 kq), Yusif Dursunov (125 kq) gümüş, Musa Ağayev (65 kq), Ramik Heybətov (70 kq) və Zəfər Əliyev (97 kq) bürünc medal qazanıblar.Cə

Xəbər lenti