Azərbaycanda istehlakçı hüquqları ilə bağlı daxil olan müraciətlərin təxminən 30 %-i rəqəmsal sahədə yaranan münasibətlərlə bağlıdır.
"Report" xəbər verir ki, bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini Cəfər Babayev Bakıda keçirilən "Müasir rəqəmsal dünyada istehlakçılar: elektron ticarət, rəqəmsal xidmətlər və təhlükəsizlik məsələləri" forumunda bildirib.
Onun sözlərinə görə, bu gün yaşından, peşəsindən, cinsindən və tutduğu vəzifədən asılı olmayaraq hər bir insan istehlakçıdır və müasir cəmiyyətlərdə istehlakçı hüquqları artıq tam tanınmış hüquqlar sırasına daxildir.
C. Babayev qeyd edib ki, rəqəmsal bazarlar istehlakçılara yeni imkanlar yaratmaqla yanaşı, müəyyən risklər də formalaşdırır: "Bu risklər arasında ən geniş yayılan məsələlərdən biri rəqəmsal mühitdə baş verən dələduzluq halları, şəxsi məlumatlara qanunsuz müdaxilə və bunun nəticəsində həm istehlakçılara, həm də iqtisadiyyata vurulan zərərdir. 2020-ci ildən bu günə qədər aparılan təhlillər göstərir ki, agentliyə daxil olan müraciətlərin təxminən 30 %-i məhz rəqəmsal münasibətlərlə bağlıdır".