İsrail Müdafiə Ordusunun Hərbi Hava Qüvvələrinin (HHQ) Beyruta zərbəsi nəticəsində ən azı yeddi nəfər həlak olub.
"Report" xəbər verir ki, bu məlumatları "Al-Hadath" telekanalı Livanın Səhiyyə Nazirliyinə istinadən yayıb.
Qeyd olunur ki, zərbə Beyrutun sahilboyu ərazisinə dəyib. Həmçinin bildirilir ki, zərbə nəticəsində 21 nəfər yaralanıb.
Telekanalın məlumatına görə, İsrailin hücumları nəticəsində Livanda qurbanların sayı 630 nəfəri keçib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.