Klara 1873-cü ildə ABŞ-ın Detroyt şəhərində anadan olub. Onun hekayəsini tarixçi və yazıçı doktor Emi Boyinqton öz Instagram platformasında paylaşdığı yeni videoda danışıb.
Lent.az xarici mediaya istinadla bildirir ki, Klara Miçiqanın “dəmir kralı” adlandırılan şəxsin qızı idi. Atası 1875-ci ildə vəfat edəndə Klaranın cəmi iki yaşı var idi, lakin o, qızına üç milyon dollar məbləğində böyük miras qoymuşdu. Həmin dövrdə Britaniya və Avropa aristokratiyası çoxlu torpaqlara sahib olsa da, onlarda pul çatışmazlığı olurdu. Buna görə də “dollar şahzadələri” (XIX əsrin sonu — XX əsrin əvvəllərində varlı amerikalı varisələrin Avropa aristokratları ilə evlənməsinə verilən qeyri-rəsmi ad) çox arzulanan gəlinlər sayılırdı. Klaranın anası qızının evliliyini o cəmi 16 yaşında olarkən razılaşdırmışdı.
1890-cı ildə Klara belçikalı şahzadə Jozef de Karaman-Şime ilə evlənərək Şime şahzadəsi oldu. O, özündən iki dəfə böyük olan ərinin yanına Belçikaya köçdü. Klara sərvətinin bir hissəsini ərinin qalasının bərpasına xərclədi və onların iki övladı dünyaya gəldi.
Lakin bu, guya nağıl kimi görünən sonluğa baxmayaraq Klara özünü xoşbəxt hiss etmirdi. Belçikanın yüksək cəmiyyəti onu sıxırdı. O, sərt etiket qaydalarına nifrət edirdi və bir dəfə demişdi ki,
Amerikada böyümüş az sayda qadın Avropanın yüksək cəmiyyətində həqiqətən xoşbəxt ola bilər. Klara sadəcə darıxmırdı, o, özünü sosial baxımdan təcrid olunmuş hiss edirdi.
Onun evliliyində dönüş nöqtəsi təxminən 1896-cı ildə baş verdi. Klara əri ilə birlikdə Parisdəki restoranların birində şam edərkən məşhur macar skripkaçısı Riho Yanşi ilə tanış oldu. Rəvayətə görə, Klara ona dərhal aşiq olmuşdu və həmin ilin dekabrında onunla birlikdə qaçmağa qərar verdi.
Hadisə Avropa cəmiyyətində böyük qalmaqal yaratdı. Onun hərəkəti öz sosial təbəqəsinin qaydalarını və ondan gözlənilən bütün davranış normalarını kobud şəkildə pozmaq kimi qəbul edildi. Növbəti ilin yanvarında Klara rəsmi şəkildə boşandı. O, şahzadə titulundan məhrum edildi, baxmayaraq ki, bir çoxları onu yenə də şahzadə adlandırırdı. Həmçinin o, hüquqi olaraq uşaqlarından da ayrıldı: yəni bu sevgi naminə onlarla birlikdə olmaq imkanından imtina etmiş oldu.
Lakin Klara qərarından dönmədi. O deyirdi: “Mən onlara meydan oxudum, necə ki bütün həyatım boyu hamıya meydan oxumuşam. Mənə bəsdir. Mən azad olmaq istəyirdim.” O, Riho ilə evləndi və səhnədə çıxış edərək pul qazanmağa qərar verdi.
Klara əsasən “poses plastiques” adlanan çıxışlarda iştirak edirdi: bu, aktyorların müəyyən səhnəni və ya kompozisiyanı donmuş pozalarda canlandırdığı “canlı tablolar” formasında səhnə performansı idi. O, müasir leotardı xatırladan çox dar triko geyimdə çıxış edirdi. Bu geyim bədənə sıx yapışan elastik kostyumdur, adətən gövdəni örtür, bəzən qolları olur, lakin şalvar hissəsi olmur və əsasən rəqs, balet, gimnastika, sirk və səhnə çıxışlarında istifadə olunur.
Təbii ki, bu davranış yüksək cəmiyyəti şoka saldı və konservativ dairələrin ciddi narazılığına səbəb oldu. Almaniya imperatoru II Vilhelm hətta onun hər hansı fotoşəkillərinin ölkəyə gətirilməsini qadağan etmişdi və demişdi ki, onlar narahat edəcək dərəcədə gözəldir.
Sonradan Klara ikinci əri ilə də boşandı, daha sonra isə daha iki dəfə evləndi. O, cəmiyyəti daim təəccübləndirirdi, lakin həmişə öz seçdiyi yolla getməyi davam etdirirdi.
Klara Vord 1916-cı ilin dekabrında İtaliyada, cəmi 43 yaşında vəfat edib.
Klara Vord Belçika kralı şahzadə Klara
