Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında "İrsimiz" rubrikasının növbəti buraxılışı hazırlanıb.
"Report" xəbər verir ki, buraxılışda filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova ölü çərşənbənin, Novruz bayramından əvvəl qəbirüstü ziyarətlərin mahiyyətindən söz açıb.
O bildirib ki, ölü çərşənbədə ruhları yad etməmək müəyyən qorxular yaradır: "İlaxır çərşənbədə bəd ruhlar təhlükədən qoruyan inancdır. Bu çərşənbədə edilən səhv bütün ilə təsir edə bilər və qədim insan bundan hər zaman qorxub. Qədim zamanlarda Od çərşənbəsində bəd ruhların qarşısı alınırdı və bu gün o sirli rituallar gizlədilir. Novruzdan bir həftə əvvəl yas mərasimini bitirmək tələbi qədim inancın davamıdır".
Onun sözlərinə görə, "Kitab-i Dədə Qorqud"dakı qara, qırmızı və qızılı çadır rəmzləri çərşənbə inancları ilə bağlıdır: "Səməni cücərdilməsi sadəcə bahar simvolu deyil, torpaq və insan məhsuldarlığının magik çağırışıdır. Qədim rituallar bu gün folklor kimi təqdim olunur, əslində onların real funksiyası var".
A.Cəfərova İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu, Novruzdan əvvəl yas mərasiminin bitirilməsi sirri, bar verməyən ağacı qorxutma mərasimi, qəbirlərə gül aparmağın mistik mənası, eləcə də Paxır bayramında yasdan həyata dönüşün necə təşkil olunması ilə bağlı məsələlərə aydınlıq gətirib.
Daha ətraflı linkdə:
Qərbi Azərbaycan Xronikası: Ölü çərşənbədə ruhları yad etməmək müəyyən qorxular yaradır
