Milli Məclisinin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Federal Milli Şurasının sədri Saqr Qobaş ilə regionda cərəyan edən prosesləri müzakirə edib.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, tərəflər arasında baş tutan telefon danışığı zamanı spikerlər İran tərəfindən hər iki ölkənin ərazisinə və mülki əhalisinə qarşı həyata keçirilən əsassız hücumlarla bağlı ciddi narahatlıqlarını ifadə edərək bu cür hərəkətləri qətiyyətlə pisləyiblər.
Tərəflər vurğulayıblar ki, həm Azərbaycan, həm də Birləşmiş Ərəb Əmirlikləri xalqları sülh və sabitliyin tərəfdarıdır və mülki əhaliyə qarşı yönəlmiş belə hücumlar qəbuledilməzdir.
Saqr Qobaş son hadisələr fonunda Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan, ölkə rəhbərliyi və xalqla həmrəy olduğunu vurğulayaraq, dost ölkələr arasındakı həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Spikerlər gərginliyin daha da artmasına səbəb ola biləcək addımlardan çəkinməyin vacibliyini qeyd edərək, xalqları təmsil edən parlamentlərin dialoq və qarşılıqlı anlaşmanın təşviqində özünəməxsus rol oynadığını bildiriblər.
Telefon danışığı zamanı, həmçinin dövlətlərin suverenliyinə hörmət göstərilməsinin, beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə riayət edilməsinin, habelə regionda təhlükəsizlik və sabitliyin qorunması üçün dost ölkələr arasında əməkdaşlıq və həmrəyliyin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Regional təhlükəsizlik və sabitliyin qorunması baxımından dost ölkələr arasında koordinasiya və məsləhətləşmələrin gücləndirilməsinin önəmi ifadə edilib.