IMG-LOGO

Sunniya Durrani-Camal: "Azərbaycan regionlar arasında strateji enerji körpüsü rolunda möhkəmlənib"

05 Mar 2026 18:02 5 baxış
IMG

Trans-Xəzər Yaşıl Enerji Dəhlizi ardıcıl və əlaqələndirilmiş şəkildə təşviq ediləcəyi təqdirdə regional enerji təhlükəsizliyinin gücləndirilməsinə, sərhədlərarası elektrik enerjisi ticarətinin genişləndirilməsinə və Xəzər regionunun formalaşmaqda olan "təmiz enerji" bazarına tədricən daxil olmasına töhfə verə bilər.

Bu barədə "Report"a Asiya İnkişaf Bankının (ADB) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Sunniya Durrani-Camal Bakıda keçirilmiş Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclaslarının nəticələrini şərh edərkən bildirib.

S.Camal qeyd edib ki, ötən gün ADB Azərbaycan, Qazaxıstan və Özbəkistan Hökumətləri ilə birlikdə "Transxəzər Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) hazırlanmasının birinci mərhələsinə start verib: "Görüş zamanı TİƏ-nin hazırlanmasına dair yanaşmalar razılaşdırılıb, vaxt çərçivələri müəyyən edilib və ikinci mərhələyə hazırlıq işləri qeyd olunub. TİƏ 2025-ci ilin aprelində imzalanmış Anlaşma Memorandumuna əsaslanır, onun hazırlanmasına isə rəsmi olaraq 2026-cı ilin fevralında start verilib".

Nümayəndəliyin rəhbəri qeyd edib ki, Azərbaycan regionlar arasında strateji enerji körpüsü statusunu inamla möhkəmləndirib:

"Qazaxıstan və Özbəkistanla sıx qarşılıqlı əlaqədə "Trans-Xəzər Yaşıl Enerji Dəhlizi" layihəsi bu funksiyanın məntiqi davamıdır, mövcud enerji əlaqələrinə əsaslanaraq o, bərpa olunan elektrik enerjisi ticarəti və regional dekarbonizasiya sahəsində əməkdaşlığı dərinləşdirir. Bu təşəbbüs Mərkəzi Asiyadan xeyli həcmdə ekoloji baxımdan "təmiz enerji"nin Azərbaycan və Cənubi Qafqaz vasitəsilə Avropa bazarlarına nəqlini təmin etmək iqtidarındadır".

S.Camal vurğulayıb ki, texniki baxımdan layihə bu region üçün hələ nisbətən yeni olan qabaqcıl həllərin, o cümlədən elektrik enerjisinin sualtı ötürülməsi və yüksək gərginlikli sabit cərəyan (HVDC) sistemlərinin tətbiqini nəzərdə tutur: "Bu texnologiyalar elektrik enerjisinin uzaq məsafələrə səmərəli şəkildə nəqlini təmin edir və dövlətlər arasında enerji sistemlərinin sabitliyinin artırılmasına kömək edir. Bu isə bərpa olunan enerji mənbələrinin iri güclərinin enerji sisteminə inteqrasiyası üçün prinsipial əhəmiyyət daşıyır".

Bununla belə, o bildirib ki, dəhlizin uğuru təkcə infrastrukturdan asılı deyil: "Sərhədlərarası elektrik enerjisi ticarəti uyğun normativ-hüquqi tənzimləmənin, ötürmənin razılaşdırılmış planlaşdırılmasının, kommersiya şəffaflığının və dövlətlərarası əməkdaşlığın dayanıqlı olmasını tələb edir. Bu baxımdan layihə həm institusional uyğunlaşdırma, həm də mühəndis-texniki həllərlə bərabər dərəcədə bağlıdır".

Nümayəndəliyin rəhbəri bildirib ki, ADB-nin iştirakı bu niyyətin kompleks texniki qiymətləndirmə, iqtisadi təhlil və strukturlaşdırılmış regional dialoqla möhkəmləndirilməsinə yönəlib: "Texniki-iqtisadi əsaslandırma üzərində iş və siyasət sahəsində qarşılıqlı fəaliyyət vasitəsilə biz ölkələrin strateji niyyətlərdən konkret reallaşdırmaya keçidinə kömək edirik. Bizim vəzifəmiz gələcək investisiyaların texniki cəhətdən əsaslandırılmış, maliyyə baxımından səmərəli olmasını, uzunmüddətli iqlim və enerji hədəflərinə cavab verməsini təmin etməkdir".

Bununla yanaşı, o qeyd edib ki, ADB-nin Azərbaycanın enerji sektorundakı fəaliyyəti kompleks və strateji xarakter daşıyır: "Dəstək təkcə bərpa olunan enerji istehsalı layihələri ilə məhdudlaşmır və investisiyaları, siyasi dialoqu və institusional bazanın gücləndirilməsini birləşdirərək energetikanın sistemli transformasiyasını əhatə edir".

S.Camalın sözlərinə görə, onlar bərpa olunan enerji mənbələri (BOEM) sahəsində irimiqyaslı özəl investisiyaların cəlb edilməsi və bank üçün prioritet olan layihələrin ("bankable projects") dəstəklənməsi ilə məşğul olurlar:

"Gücü 230 MVt olan "Qaradağ" Günəş Elektrik Stansiyasının işə salınması mühüm mərhələ olub – bu, irimiqyaslı bərpa olunan enerji mənbələrinin kommersiya baxımından əsaslılığını nümayiş etdirən Azərbaycanda ilk sənaye miqyaslı günəş enerjisi istehsalı obyektidir. Bu təcrübəni inkişaf etdirərək, ADB beynəlxalq tərəfdaşların və özəl investorların iştirakı ilə "Biləsuvar" (445 MVt) və Neftçaladakı "Bankə" (315 MVt) günəş enerjisi layihələri üzərində işləyir. "Qaradağ"la birlikdə bu təşəbbüslər demək olar ki, 1 QVt yeni günəş enerjisi gücünü təşkil edir ki, bu da Azərbaycanın "təmiz enerji" portfelinin əhəmiyyətli dərəcədə genişlənməsi deməkdir".

Eyni zamanda, onun sözlərinə görə, ADB istilik təchizatı sektorunda islahatların aparılmasına köməklik göstərir: "Bu sahənin dekarbonizasiyası enerji səmərəliliyinin artırılmasında və tullantıların azaldılmasında əsas rol oynayır. Texniki yardım vasitəsilə bank normativ-hüquqi bazanın yenilənməsinə, mərkəzləşdirilmiş istilik təchizatı müəssisələrinin əməliyyat səmərəliliyinin gücləndirilməsinə, bərpa olunan və daha məhsuldar texnologiyaların tətbiqinə töhfə verir".

S.Camal hesab edir ki, Azərbaycanın ofşor külək enerjisi potensialının da hərtərəfli sistemli hazırlığa ehtiyacı var: "BOEM-lərin genişmiqyaslı tətbiqi birbaşa olaraq müvafiq ötürücü infrastrukturdan və enerji şəbəkəsinin hazırlığından asılıdır. ADB gələcək inkişafın texniki etibarlılığını və iqtisadi dayanıqlığını təmin etmək üçün texniki ekspertiza və analitik dəstək təqdim edir".

Onun sözlərinə görə, daha bir mühüm prioritet paylayıcı şəbəkələrin modernləşdirilməsidir: "BOEM-in payının artması və elektrik enerjisinə olan tələbatın strukturunun transformasiyası ilə əlaqədar olaraq, paylayıcı sistem daha rəqəmsal, adaptiv və dayanıqlı olmalıdır. ADB sistemin gücləndirilməsinin bu mərhələsini dəstəkləməyin ən səmərəli yolları barədə tərəfdaşlarla intensiv dialoq aparır".

S.Camal bildirib ki, ümumilikdə bu səylər ADB-nin Azərbaycana təchizatın etibarlılığını artıran, investisiyaları səfərbər edən və ölkənin regional "təmiz enerji"nin inkişafında artan rolunu gücləndirən enerji keçidinin həyata keçirilməsində kömək etmək öhdəliyini nümayiş etdirir.

Azərbaycan 1999-cu ildən ADB-nin üzvüdür. Bu dövr ərzində bank ölkəyə təxminən 5,6 milyard ABŞ dolları, o cümlədən dövlət sektoruna 4,4 milyard ABŞ dolları, özəl sektora isə 1,2 milyard ABŞ dolları investisiya yatırıb. Ən böyük maliyyələşdirmə istiqamətləri nəqliyyat (1,5 milyard ABŞ dolları) və energetikadır (1,7 milyard ABŞ dolları).

Yeni tərəfdaşlıq strategiyası çərçivəsində ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatırmağa hazırdır.

ADB 1966-cı ildə yaradılıb, Baş qərargahı Manilada yerləşir. Bank 69 səhmdar ölkəni birləşdirir, onlardan 50-si Asiya-Sakit okean regionu dövlətləridir.

Xəbər lenti