IMG-LOGO

Qadının beynində insanlarda rast gəlinməyən parazit tapıldı - Yaddaşı itdi

03 Mar 2026 18:27 5 baxış
IMG
56 0

Avstraliyanın Yeni Cənubi Uels ştatında yaşayan 64 yaşlı qadında insanlarda əvvəllər qeydə alınmamış parazitar qurd aşkarlanıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadın üç həftə ərzində qarın ağrısı, ishal, quru öskürək və gecə tərləməsindən əziyyət çəkib.

O, xəstəxanaya yerləşdirilib, lakin aparılan ilkin müayinələr problemin səbəbini müəyyən edə bilməyib. Bir müddət sonra qadın yenidən xəstəxanaya müraciət edib. Öskürək və hərarət davam edib, orqanlarda müşahidə olunan zədələr sağalmayıb.

Toxuma nümunələrinin əkilməsi bakterial və ya göbələk infeksiyasını təsdiqləməyib. Qan analizləri də müxtəlif parazitar yastı qurd növlərinə qarşı anticisimlərin yaranmadığını göstərib. Nəcis analizlərində də parazit izinə rast gəlinməyib.

Təxminən bir il sonra qadında depressiya və unutqanlıq əlamətləri yaranıb. Həkimlər beyin MRT müayinəsi aparıblar və sağ alın payında zədələnmə aşkar ediblər. Açıq biopsiya zamanı həmin nahiyədə “sapabənzər struktur” müəyyən edilib. Araşdırma nəticəsində bunun canlı parazitar qurd, helmint olduğu məlum olub.

Qurdun uzunluğu təxminən 80 millimetr, qalınlığı isə 1 millimetr olub. Qırmızı rəngli helmint qadının beyninin alın hissəsindən cərrahi yolla çıxarılıb. Ətraf toxumalarda başqa parazit aşkarlanmayıb.

Mütəxəssislər bildiriblər ki, bu hadisə unikaldır, çünki Ophidascaris robertsi adlı parazit indiyədək insanlarda infeksiya törədən növ kimi sənədləşdirilməyib. Onun həyat dövrü adətən xalça pitonları ilə bağlı olur və yetkin qurdlar həmin ilanların orqanizmində çoxalır.

Ehtimal olunur ki, qadın evinin yaxınlığındakı göl ətrafından topladığı vəhşi yaşıl yarpaqları qida kimi qəbul edərkən yoluxub. Parazitin yumurtaları orqanizmə düşərək inkişaf edib.

Alimlər qeyd edirlər ki, sürfələrin orqanizmdə uzun müddət gizli qalması laboratoriya siçanlarında müşahidə edilən hallarla oxşardır. Bu isə aşkar edilməmiş parazitar infeksiyaların düşündüyümüzdən daha geniş yayıla biləcəyini göstərir.

beyin sağlıq

Xəbər lenti