IMG-LOGO

Azərbaycanın Serbiyadakı səfiri: Zəngəzur dəhlizi daha geniş çərçivədə qiymətləndirilməlidir

28 Feb 2026 00:16 2 baxış
IMG

"Zəngəzur dəhlizi regionda kommunikasiyaların açılması kontekstində daha geniş çərçivədə qiymətləndirilməlidir".

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycan Respublikasının Serbiya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev Belqradda "Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan" mövzusunda təşkil olunmuş dəyirmi masada deyib.

Diplomat vurğulayıb ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi məsələsi həmişə sülh səyləri kontekstində mühüm əhəmiyyət daşıyıb:

"Üç onillik ərzində Azərbaycanın həmin bölgəsi faktiki blokada şəraitində olub. Vaşinqtondakı tarixi sammit zamanı bu problemi həll etmək məqsədilə Tramp marşrutunun (TRIPP) yaradılması barədə razılıq əldə olundu. İdeya ondan ibarətdir ki, hər iki istiqamətdə yük və sərnişin daşımalarını təmin etsinlər. Lakin bu dəhliz regionda kommunikasiyaların açılması kontekstində daha geniş çərçivədə qiymətləndirilməlidir".

Səfirin sözlərinə görə, Zəngəzur dəhlizi Çin və Uzaq Şərqdən başlayaraq Mərkəzi Asiya, Cənubi Qafqaz və Qara dəniz vasitəsilə Avropaya uzanan Orta Dəhlizin marşrutlarından biri kimi də istifadə oluna bilər:

"Bu isə qardaş Türkiyənin ərazisindən keçməklə inkişaf etmiş dəmir yolu və avtomobil nəqliyyatı şəbəkələri vasitəsilə Avropaya və əks istiqamətə quru yük daşımalarını mümkün edəcək, regiondakı hər iki ölkəyə əhəmiyyətli faydalar gətirəcək".

K.Xasiyev daha sonra son beş il ərzində Azərbaycan tərəfindən azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinə diqqət çəkib:

"Yüz minlərlə keçmiş məcburi köçkünün öz doğma şəhər və kəndlərinə qayıdışını təmin etmək məqsədilə yeni yollar, hava limanları, elektrik stansiyaları, məktəblər və ictimai binalar inşa edilib. Bütün bu yenidənqurma layihələri ekoloji cəhətdən təmiz, yəni yaşıl enerji konsepsiyasına əsaslanır. Digər tərəfdən, Azərbaycan ölkənin müxtəlif bölgələrində külək və günəş elektrik stansiyalarının tikintisi yolu ilə yaşıl enerji istehsalının artırılmasına yönəlmiş bir sıra iri miqyaslı layihələr həyata keçirir".

Xəbər lenti