IMG-LOGO

Səfir Belqradda Azərbaycanın sülh təşəbbüsündən danışıb: Ermənistanın son addım atması qalır

28 Feb 2026 00:28 2 baxış
IMG

Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması ilə bağlı gözləntilər yüksəkdir.

"Report"un Balkan bürosu xəbər verir ki, bunu Azərbaycanın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Kamil Xasiyev Belqradda "Sülh, əməkdaşlıq və təhlükəsizlik perspektivləri: Vaşinqton sammitindən sonra Azərbaycan və Ermənistan" mövzusunda təşkil olunmuş dəyirmi masada sualları cavablandırarkən deyib.

"Ümid edirik ki, Ermənistan konstitusiyası ilə bağlı məsələ mümkün qədər tez həll olunacaq və nəhayət, iki ölkə arasında sülh sazişi imzalanacaq. Çünki artıq sülh sazişinin mətni üzərində razılığa gəlmişik və sənədi hər iki ölkənin xarici işlər nazirləri paraflayıb. İndi isə sadəcə olaraq Ermənistan tərəfinin son addımı atması qalır",-deyə diplomat əlavə edib.

Səfir hesab edir ki, sülh sazişinin suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət prinsipləri əsasında qurulması həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə vacibdir:

"Bu isə o deməkdir ki, bu məsələdə qeyri-müəyyən sənədlərin və ya hər hansı hüquqi boşluqların olmaması bizim üçün çox önəmlidir. Texniki baxımdan təsəvvür edək ki, Ermənistanda mövcud hökumət sülh müqaviləsini qəbul edir və onu imzalamağa hazırdır. Lakin sabah Ermənistanın Konstitusiya Məhkəməsi bu sülh sazişinin hüquqi qüvvəsini şübhə altına ala bilər, çünki Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. Bu isə Ermənistanda bəzi siyasətçilər tərəfindən opportunist addımlar üçün imkanlar yarada bilər. Bu baxımdan hesab edirəm ki, Ermənistanın özü də Konstitusiyasından bu ərazi iddialarını çıxarmaqda maraqlı olmalıdır".

Xəbər lenti