İranın Xarici İşlər Nazirliyi (XİN) iki qonşu və müsəlman ölkə olan Pakistan və Əfqanıstan arasında toqquşmaların kəskinləşməsindən və bunun nəticəsində yaranan təhlükəsizlik və humanitar fəsadlardan dərin narahatlığını və təəssüfünü ifadə edib.
"Report" xəbər verir ki, bununla bağlı bəyanat nazirliyin "X"dəki hesabında yayılıb.
Nazirlik döyüşlərin dayandırılması və gərginliyin azaldılması üçün iki ölkə arasında dərhal dialoq və əlaqələrin başladılmasına çağırış edib.
"Pakistan və Əfqanıstan arasındakı qarşıdurma iki qonşu dövlət üçün insan tələfatı və maddi zərərlə yanaşı, həm də ətraf bölgədə təhlükəsizliyin daha da pisləşməsinə gətirib" , - bəyanatda qeyd olunub.
Bəyanatda bildirilib ki, İran gərginliyin azaldılmasına, hərbi qarşıdurmanın tam dayandırılmasına və qarşılıqlı anlaşmanın əldə edilməsi üçün iki ölkə arasında dialoqun asanlaşdırılmasına hər cür yardım göstərməyə hazırdır.