Ermənistan modul atom elektrik stansiyasının (AES) tikintisində hansı ölkə ilə əməkdaşlıq edəcəyi barədə hələ yekun qərar qəbul etməyib.
"Report" yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Polşada xarici səfirlərlə, diplomatlarla və analitik mərkəzlərin nümayəndələri ilə görüş zamanı bildirib.
"Hazırda biz bu imkanı tərəfdaşlarımızla müzakirə edirik. Biz bu məsələni ABŞ, Rusiya, Çin, Cənubi Koreya, Fransa ilə müzakirə edirik. Biz ölkəmiz üçün ən yaxşı təklifi axtarırıq və bu proses davam edir, müxtəlif təklifləri araşdırdığımız üçün hələlik yekun qərarımız yoxdur", - o deyib.
Onun sözlərinə görə, fəaliyyətdə olan Metsamor AES-nin 10 il sonra bağlanılması planlaşdırıldığından, yeni kiçik atom stansiyasının inşası zəruridir:
"Son bir neçə il ərzində günəş enerjisi sahəsində atom elektrik stansiyasının gücündən iki dəfə çox güc yaratmağa nail olduq. Qeyd olunan prosesləri nəzərə alaraq, hazırda bizə böyük atom elektrik stansiyası lazım deyil. Buna görə də ekspertlərimizin qiymətləndirməsinə əsasən, bizə kiçik stansiya lazımdır və məhz buna görə biz kiçik modul AES-in tikintisi barədə ilkin qərar qəbul etmişik".