IMG-LOGO

"İmişli" Afrikadan dəvət etdiyi futbolçulardan 4-ü ilə müqavilə bağlayıb

06 Nov 2026 16:42 3 baxış
IMG

"İmişli"nin U-19 komandasına Afrikadan dəvət olunan futbolçulardan 4-ü ilə müqavilə bağlanılıb.

Bunu "Report"a açıqlamasında bölgə təmsilçisinin icraçı direktoru Aqşin Mürsəlov deyib.

O, uyğun gələcəyi təqdirdə bu futbolçuların əsas komandaya cəlb olunacağını da vurğulayıb:

"Sınaq məqsədilə komandaya 6 nəfər gəlmişdi. Onlardan 4-ü ilə müqavilə bağladıq. Bir il boyunca U-19 Liqasında çıxış edəcəklər. Ondan sonra əsas komandaya uyğun gələcəkləri təqdirdə peşəkar müqavilə bağlayacağıq. Məqsəd əsas komanda üçün oyunçu yetişdirməklə yanaşı, U-19 Liqasında "Sabah" və "Qarabağ" kimi klublarla mübarizə apara biləcək güclü heyət formalaşdırmaqdır. U-19 millisi üçün namizəd oyunçularımız da kifayət qədərdir. Artıq 4-5 futbolçumuz müvafiq yaş qrupları üzrə yığmalara dəvət alıb. Bununla paralel olaraq komandamıza daha da güç qatmaq üçün bu addımı atmışıq".

Klub rəsmisi komandanın çempionatda uğurlu çıxış etdiyini söyləyib:

"Müntəzəm olaraq menecerlər bizə gənc oyunçular təklif edirlər. Bizim də əsas marağımız gənc futbolçulardır. Bu mövsüm U-19 Liqasında Vüqar Əsgərlinin rəhbərliyi altında uğurla çıxış edirik. B qrupunda liderik və ümid edirik ki, A qrupuna yüksələrək ən yaxşı nəticəni göstərəcəyik. Təkcə bizdə deyil, "Turan Tovuz" və "Qarabağ"da da bu proses var. Böyük məbləğ verib əsas komandaya futbolçu gətirməkdənsə, aşağı məbləğlə akademiyaya cəlb edib, əsas heyətə yüksəltmək daha effektlidir. Klubların yanaşması belədir".

Qeyd edək ki, "İmişli"nin U-19 komandasının heyətinə Qambiyadan Ebrima Camme (18 yaş), Lamin Kante (19 yaş), Nigeriyadan isə Adavale Latef, Bassey Meşak, Abdullatef Apatira və Olayinka Qbolahan (hamısı 18 yaş) dəvət olunmuşdu.

Mənbə: report.az

Xəbər lenti