Azərbaycanın Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) Ermənistanı dəvət etməsi ilə bağlı hazırda məlumat yoxdur.
Bunu "Report"un sualına cavab olaraq Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana harayı" abidəsini ziyarət edərkən jurnalistlərə deyib.
Onun sözlərinə görə, WUF13 Azərbaycanın müvafiq qurumları ilə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) birgə keçirəcəyi tədbirdir:
"Təbii ki, tədbirin özünün formatı var və həmin format kontekstində hansı ölkələrin dəvət olunması nəzərdə tutulubsa, buna uyğun da prosedur həyata keçiriləcək. Eyni zamanda, tədbir çərçivəsində ilk dəfə liderlər sammiti də təşkil olunacaq. Əlbəttə, burada bütün dünya liderləri iştirak etməyəcək. Bu istiqamətdə dəstəyə ehtiyac olan ölkələr dəvət olunub. Ermənistanın WUF13-ə dəvət olunması ilə bağlı məndə məlumat yoxdur".
Xatırladaq ki, WUF13 mayın 17-22-də Bakıda keçiriləcək.