Bakıda 17-22 may tarixlərində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafı üçün vacib hadisədir.
Bu barədə "Report"un yerli bürosuna Qazaxıstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
"Qazaxıstan WUF13-ü BMT sistemi çərçivəsində çoxtərəfli müzakirələrdə iştirak, dayanıqlı şəhər inkişafı sahəsində təcrübə və ən yaxşı praktikalar mübadiləsi, həmçinin beynəlxalq tərəfdaşlar, region ölkələri, eləcə də BMT-nin ixtisaslaşdırılmış qurumları ilə qarşılıqlı əlaqə üçün mühüm platforma kimi nəzərdən keçirir", - XİN-dən qeyd edilib.
Bildirilib ki, Forumun meydançası ikitərəfli və çoxtərəfli münasibətlərin möhkəmləndirilməsinin, həmçinin əvvəllər əldə olunmuş razılaşmaların həyata keçirilməsinin və onların icrasına dair praktik addımların işlənib hazırlanmasının müzakirəsi üçün imkan kimi nəzərdən keçirilir.
"WUF13-ün Bakıda keçirilməsini Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında əməkdaşlığın inkişafı üçün vacib hadisə hesab edirik. Forum şəhər planlaşdırılması, xidmətlərin rəqəmsallaşdırılması və əhalinin həyat keyfiyyətinin yüksəldilməsi sahəsində qabaqcıl praktikaların mübadiləsi üçün əlavə imkanlar yaradır", - XİN-dən əlavə edilib.
Qurumdan bildirilib ki, foruma hazırlıq Azərbaycan Xarici İşlər Nazirliyi, Azərbaycanın Qazaxıstandakı səfirliyi və BMT-Habitat ilə sıx koordinasiya şəraitində həyata keçirilir.
"Forum meydançasında müvafiq dövlət orqanları və yerli icra strukturları ilə birlikdə Qazaxıstanın dayanıqlı şəhər inkişafı sahəsindəki milli təşəbbüslərinin təqdimatı imkanı işlənib hazırlanır. Ayrıca qeyd edirik ki, 2025-ci ilin iyulunda Qızılordada Qazaxıstanın birinci Milli Şəhərsalma Forumu keçirilib və onun nəticələrinin WUF13 beynəlxalq meydançasında da təqdim edilməsi planlaşdırılır", - Qazaxıstan XİN-dən vurğulanıb.