IMG-LOGO

Prezident İlham Əliyev Xocavənd kəndinə köçmüş sakinin evində olub, söhbət edib

25 Feb 2026 19:42 5 baxış
IMG

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndində görülmüş işlərlə tanışlıqdan sonra kəndə köçmüş sakin Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış olublar və söhbət ediblər.

"Report" dialoqu təqdim edir:

Prezident İlham Əliyev: Salamaleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.

Digər qadın sakin: Xoş gəlmisiniz.

Prezident İlham Əliyev: Salam.

Birinci xanım Mehriban Əliyeva: Xoş gördük, salam, gözəl.

Prezident İlham Əliyev: Necə yerləşmisiniz?

Kişi sakin: Çox əla, hər şey əladır. Allah sizdən razı olsun.

Prezident İlham Əliyev: Sağ olun.

Qadın sakin: Keçin içəri.

Prezident İlham Əliyev: Ev şəraiti necədir?

Kişi sakin: Çox əladır, hər şey əladır.

Prezident İlham Əliyev: Yaxşı, razısınızmı?

Kişi sakin: Allah sizdən razı olsun. Allah sizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, təbrik edirəm sizi, doğma Vətənə qayıtmaq münasibətilə.

Kişi sakin: Çox sağ olun, Allah Sizi var eləsin.

Prezident İlham Əliyev: Siz özünüz buralısınız?

Kişi sakin: Bəli.

Prezident İlham Əliyev: Bu kənddə yaşamısınız?

Kişi sakin: Bəli. O vaxt rəhmətlik Ulu Öndər də gəlmişdi buraya.

Prezident İlham Əliyev: Bu kəndə gəlmişdi?

Kişi sakin: Bəli. Səhv etmirəmsə, 1979-cu ildə.

Prezident İlham Əliyev: İşğal dövründə harada yaşamısınız?

Kişi sakin: Bakıda.

Prezident İlham Əliyev: Şərait necə idi?

Kişi sakin: Belə də, şükür. Amma burada olsaydıq, daha yaxşı olardı.

Prezident İlham Əliyev: İndi 35 ildən sonra buradasınız. Sizi neçənci ildə buradan çıxardıblar, 1991-də?

Kişi sakin: Vertolyot partlayan gün, həmin gün bizi çıxartmışdılar. Sonra vertolyotla gələndə onları da şəhid etdilər.

Prezident İlham Əliyev: Buraya yaxınlıqda idi?

Kişi sakin: Bəli, Qarakənddə idi.

Prezident İlham Əliyev: Buradan oraya məsafə nə qədərdir?

Kişi sakin: 17 kilometrdir.

Prezident İlham Əliyev: Təbrik edirəm sizi. Xoşbəxt yaşayın doğma Qarabağ torpağında, doğma kəndinizdə.

Qadın sakin: Çox sağ olun, minnətdarıq.

Kişi sakin: Çox sağ olun, hamısı Sizin sayənizdə. Allah Sizi var eləsin. Allah şəhidlərimizə rəhmət eləsin.

Qadın sakin: Çox sevinirik, sevincimizin həddi-hüdudu yoxdur.

Kişi sakin: Siz bizə dünyanı bəxş etmisiniz, Quran haqqı. Nə deyiriksə, ürəkdən deyirik, elə-belə yox. Siz bizə yeni həyat vermisiniz.

Qadın sakin: Sizin, Mehriban xanımın bizim ailənin qonağı olmağınız bizim sevincimizi ikiqat artırıb. Bu qayğıya görə Sizə minnətdarıq, çox sağ olun.

Prezident İlham Əliyev: Sağ olun, siz buna layiqsiniz. Uzun illər köçkün həyatı yaşamısınız əzab-əziyyət içində. Artıq o dövr tarixdə qaldı.

Kişi sakin: Allah köməyiniz olsun, Allah Sizi var eləsin.

Birinci xanım Mehriban Əliyeva: Gəlin, birlikdə şəkil çəkdirək.

Prezident İlham Əliyev: Bəli, gedək.

Burada maldarlıq üçün yaxşı şərait var. Su necə?

Kişi sakin: Var, buranın hər yeri münbitdir. Allah Sizdən razı olsun.

Prezident İlham Əliyev: Həyətyanı sahə də var?

Kişi sakin: Var, 15 sot torpaq var.

Prezident İlham Əliyev: Torpaq yəqin ki, ayrılacaq.

Kişi (rəsmi şəxs): Həyətyanı sahə 20 sotdan çoxdur.

Prezident İlham Əliyev: Mal-qaran da var, yoxsa yox?

Kişi sakin: İnşallah, olacaq.

Prezident İlham Əliyev: Əlbəttə, olmalıdır.

Kişi (rəsmi şəxs): Burada heyvandarlıq kompleksləri, fermalar var.

Prezident İlham Əliyev: Yəni dolanışıq burada yaxşı olacaq.

Qadın sakin: İnşallah.

Prezident İlham Əliyev: Artıq sizdən asılıdır, dövlət nə lazımdırsa edib.

Kişi sakin: Əlbəttə, Allah dövlətimizi qorusun, Sizi qorusun, ailənizi qorusun, nəvələrinizi qorusun.

Prezident İlham Əliyev: Sağ olun, cansağlığı arzulayıram. Xoşbəxt yaşayın.

Xəbər lenti