Qazaxıstan ölkənin tranzit potensialının artırılması çərçivəsində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM, Orta Dəhliz) inkişafına prioritet əhəmiyyət verir, 2026-cı il üçün bu marşrut üzrə daşımaların 5,2 milyon ton səviyyəsində olması planlaşdırılır.
"Report"un Qazaxıstan bürosu xəbər verir ki, bu barədə ölkənin Nəqliyyat Nazirliyi bildirilib.
Məlumata görə, 2026-cı ildə Qazaxıstan ərazisi ilə su nəqliyyatı vasitəsilə yük daşımalarının həcminin 2025-ci ildəki 9,5 milyon tonla müqayisədə 11,4 milyon tona çatdırılması planlaşdırılır. Bu zaman bilavasitə TBNM üzrə yük axını 5,2 milyon tona qədər artacaq.
"Daşımaların artımını təmin etmək üçün Kurık və Aktau limanlarında dibdərinləşdirmə, yanalma infrastrukturunun modernləşdirilməsi, eləcə də yeni konteyner terminallarının tikintisi üzrə layihələr həyata keçirilir. Paralel olaraq ticarət donanmasının artırılması üzrə işlər aparılır: 2028-ci ilə qədər onun sayının 32 gəmiyə çatdırılması planlaşdırılır", - məlumatda qeyd olunub.
Nəqliyyat Nazirliyindən o da bildirilib ki, TBNM-in inkişafına Qazaxıstanın beynəlxalq nəqliyyat əlaqələrinin gücləndirilməsinin, Asiya və Avropa arasında yük tranzitində ölkənin rolunun artırılmasının əsas elementi kimi baxılır.