IMG-LOGO

Yaponiya səfiri Azərbaycanın əsas tərəfdaş və enerji təhlükəsizliyinin təminatçısı kimi rolunu vurğulayıb

20 Feb 2026 19:55 4 baxış
IMG

Azərbaycan Yaponiyanı Avropa ilə birləşdirən nəqliyyat marşrutunun mərkəzində yerləşir və Tokio üçün əsas tərəfdaş olaraq qalır.

"Report" xəbər verir ki, bu barədə Yaponiyanın Bakıdakı səfiri Katsuya Vatanabe Yaponiyanın dövlət bayramı - imperator Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbulda bildirib.

"Azərbaycan Yaponiyanı Avropa ilə birləşdirən marşrutun mərkəzində yerləşir, kommunikasiyaların inkişafında, beynəlxalq enerji təhlükəsizliyinin təmin edilməsində, eləcə də regional sabitliyin və rifahın təşviqində mühüm rol oynayaraq Tokio üçün əvəzolunmaz tərəfdaş olaraq qalır", - səfir qeyd edib.

O, həmçinin əlavə edib ki, 1992-ci ildə diplomatik münasibətlər qurulandan bəri otuz il ərzində Azərbaycanla Yaponiya arasında dostluq münasibətləri ardıcıl şəkildə inkişaf edir.

"Əməkdaşlığımız siyasət, iqtisadiyyat, mədəniyyət və təhsil daxil olmaqla geniş sahələri əhatə edir. Xalqlarımız və ölkələrimiz arasında sıx qarşılıqlı əlaqələr bu gün sahib olduğumuz dərin əlaqələrin möhkəmlənməsində mühüm rol oynayıb", - o vurğulayıb.

Səfir əlavə edib ki, ötən il Osaka şəhərində keçirilən "Osaka Kansai Expo" sərgisində Azərbaycan təxminən iki milyon insanın ziyarət etdiyi milli pavilyonla təmsil olunub.

"Biz bunu dostluğumuzun gücünün əyani sübutu kimi qiymətləndiririk. Fürsətdən istifadə edərək, dəstək və əməkdaşlığa görə Prezident İlham Əliyevə, Azərbaycan hökumətinə və bütün azərbaycanlı dostlara bir daha səmimi minnətdarlığımı bildirmək istəyirəm", - o bildirib.

Səfir xatırladıb ki, dekabr ayında Tokioda "Mərkəzi Asiya + Yaponiya" dialoqunun sammiti keçirilib və burada əsas məsələlərdən biri Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığın təşviqi və genişləndirilməsi olub.

O, həmçinin məmnuniyyətlə qeyd edib ki, Azərbaycanda 2026-cı il "Şəhərsalma və Memarlıq İli" elan edilib və may ayında Bakı qlobal məsələlərin müzakirəsi üçün beynəlxalq platforma olacaq Ümumdünya Şəhər Forumuna (WUF13) ev sahibliyi edəcək.

"Səmimi qəlbdən ümid edirəm ki, Yaponiya və Azərbaycan bu yeni formalaşan istiqamətlərdə də sıx əməkdaşlığı davam etdirəcək, Yaponiya şirkətləri isə yeni layihələr və investisiyalar vasitəsilə iqtisadi əlaqələrimizə əlavə təkan verəcəklər", - o deyib.

Xəbər lenti