Bakıda "Ortaq gələcək naminə dialoq" mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu insanlara dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb.
"Report" xəbər verir ki, bu barədə "Euronews"un oktyabrın 27-29-da Bakıda keçirilmiş foruma həsr olunmuş reportajında bildirilib.
Reportajda qeyd olunub ki, bu cür mədəniyyət və dialoq körpülərinin yaradılması mövcud fikir ayrılıqlarını daha yaxşı anlamaq və ortaq məxrəcə gəlmək üçün dünyanın hər yerindən liderləri və nümayəndələri bir araya gətirməyə imkan verir.
Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov qeyd edib ki, Azərbaycan xalqının fərqləndirici xüsusiyyəti həmişə stereotipləri qırmaq istəyi olub.
"Həmişə dediyimiz kimi, Şərqlə Qərbin, Şimalla Cənubun kəsişməsində yerləşən Azərbaycanın coğrafi mövqeyi müxtəlif mədəniyyətlərin, ənənələrin, eləcə də dinlərin və inancların ona təsirini şərtləndirib. Peşəkar incəsənət və mədəniyyət sahəsinə gəldikdə isə Azərbaycan mədəniyyət tarixinin bir çox istiqamətlərində, xüsusilə Şərq mədəniyyəti kontekstində ilk addımları atan ölkələrdən olub", - o qeyd edib.
"Lead-Integrity" təşkilatının təsisçisi və baş direktoru Əzza Karam bildirib ki, incəsənət qəlbin və ruhun dilidir.
"Bu gün biz çox zərər vurur və çox az incəsənət yaradırıq. İncəsənət dilindən daha çox istifadə etməliyik", - o deyib.
Reportajda həmçinin vurğulanıb ki, dünyəviliyin dərk edilməsi və dini təcrübələrin mübadiləsi məsələləri forumun gündəliyinin bir hissəsi olub.
İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsinin On İki Həvarilər Kvorumunun üzvü Qeri Stivenson vurğulayıb ki, bütün dinlər və mədəniyyətlər bəşəriyyət üçün ortaq dəyərləri - sülhü və insan ləyaqətini qorumalıdır.
Onun fikrincə, bütün insanların qardaş və bacı olduğunun dərk edilməsi qarşılıqlı anlaşmanın genişlənməsinə kömək edir. Stivenson həmçinin qeyd edib ki, insanlar arasında dialoq münaqişələrin qarşısının alınması, gərginliyin azaldılması və nifrət nitqinə qarşı mübarizə üçün yeganə yoldur.
Kot-d'İvuarda Afrika Qadın Liderlər Şəbəkəsinin (AWLN) gənclər istiqamətinin sədri Anais Daqru isə bildirib ki, bu cür forumlar müxtəlif ölkələrdən gələn, fərqli həyat təcrübəsi və mədəni ənənələri olan insanlarla tanış olmağa imkan verir.
"Euronews"un reportajında qeyd olunub ki, forum nəinki qlobal problemlərin müzakirəsi, həm də müxtəlif ölkə və mədəniyyət nümayəndələri arasında şəxsi əlaqələrin qurulması üçün açıq platformaya çevrilib.
"Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb

Mənbə: report.az