Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh məcburi hüquqi qüvvəyə malik olmaqla normativ hüquqi aktın tətbiqi zamanı hüquq subyektlərinin düzgün hüquqi davranış istiqamətini müəyyənləşdirir.
"Report" xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan Hakimlərinin II Forumunda deyib.
Onun sözlərinə görə, məhkəmələr hüquqlarından aktiv istifadə edirlər:
"Bu, bütün ədalət prosesində öz faydasını verir. Qanunvericilik qaydalarının şərhi zamanı müvafiq normanın aid olduğu qanunvericilik sahəsinin məqsədi, o cümlədən, Konstitusiyanın rəhbər prinsip və müddəalarının göstərişləri əsas istiqamətverici olaraq qəbul edilməli, hər bir norma məhz konstitusion prinsiplərin işığında, onların realizəsinə imkan verəcək məzmun və mahiyyətdə başa düşülüb tətbiq edilməlidir".
F.Abdullayev qeyd edib ki, ən üst hüquqi qüvvəyə malik olan Konstitusiyanın müddəalarını inkişaf etdirib dəqiqləşdirən digər qanunvericilik aktlarının normaları əsas qanuna zidd ola bilməyəcəyi kimi, onların şərhi də Konstitusiyaya əsaslanmalıdır.
Sədr deyib ki, Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərh boşluqların aradan qaldırılmasına və qanunların Konstitusiyaya uyğun şəkildə tətbiqinə şərait yaradır. Ədalət mühakiməsini həyata keçirən məhkəmələr tərəfindən normalar şərh edilərkən bu normaların məqsədi şəxslərin davranışlarını məhdudlaşdırmaq deyil. Bu davranışların tənzimlənməsi onların mənafeyini təmin edir:
"Yəni hüquq qaydalarının insanların ehtiyaclarının ən məqbul və ədalətli şəkildə qarşılamağa xidmət etdiyi qətiyyən unudulmamalıdır".